Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cənubi Qafqazda oyundankənar Fransa - tarixə yalançı kimi düşəcək Makron - ŞƏRH

Cənubi Qafqazda oyundankənar Fransa - tarixə yalançı kimi düşəcək Makron - ŞƏRH

Tarix: 29 Iyun 2023 19:00

Fransa Prezidenti davranışı, çıxışları ilə daha çox ermənilik edir. Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dediyi halda, Emmanuel Makron Azərbaycanın Qarabağ iqtisadi rayonunu ermənilər kimi adlandırmaqla özünü hay erməni gözünə soxur. O, bu davranışı ilə Rusiyanın bəzi kütləvi informasiya vasitələri, siyasi texnoloqları, politoloqları kimi davranır.

Milli.Az "Report"a istinadən bildirir ki, ötən gün Emmanuel Makron Fransanın Marsel şəhərində erməni icmasının nümayəndələri ilə görüşüb. Görüşdə ona Qarabağla bağlı sual ünvanlayıblar. Fransa Prezidenti suala cavabında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevə Qarabağla bağlı Ermənistanın baş naziri Nikol Paşinyandan daha çox təzyiq (?!) edib: "Mən bu məsələdə dəqiq mövqeyi olan yeganə şəxsəm".

Emmanuel Makron bu məsələdə bütövlükdə Ermənistana və "Qarabağ"a münasibətdə qətiyyətli olduğuna şübhə etməmələrini istəyib. O, Fransanın İrəvandakı səfirliyində hərbi attaşenin də fəaliyyət göstərdiyini vurğulayaraq Ermənistanı müdafiə etmək üçün əllərindən gələni etdiklərini söyləyib.

Makron Fransadakı indiki vəziyyətdə Marselə gedərək erməni icması ilə görüşdə Azərbaycanın daxili işlərinə müdaxiləedici açıqlama verməsi çox gülünc görünür. Bu, Makronun qeyri-ciddi olduğunun göstəricisi də sayıla bilər. Çünki Makronun başçılıq etdiyi hakimiyyətin Daxili İşlər Nazirliyinin polis əməkdaşı 17 yaşlı yeniyetməni xidməti odlu silahla qətlə yetirib, yəni bilərəkdən öldürüb. O, belə şəraitdə Nanterə gedib qətlə yetirilən Naelin ata-anasından üzr istəyib ölkədəki iğtişaşların qarşısını almağa səy göstərməsi daha məntiqli görünərdi. Ancaq Makron Marseldə ermənilərlə görüşə getdi. Niyə? Çünki Cənubi Qafqazda gedən proseslərə, xüsusilə Azərbaycanla Ermənistan rəsmilərinin danışıqlara Yelisey sarayı tamaşaçı qalıb, yaxud oyundankənar vəziyyətə salınıb. Ona görə də Marselə səfər edib ermənilərə boş vədlər verməklə özünü və ölkəsini həmin dialoqun bir parçası göstərməyə çalışır.

Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü davam edir. Nikol Paşinyanın iyunun 29-da hökumətin iclasında verdiyi açıqlamaya əsasən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətni müzakirə olunur. Belə bir şəraitdə Markon araqarışdıran, pozucu kimi görünür. Bir zamanlar münaqişənin həllində aparıcı rollardan birini oynayan Fransa indi bu prosesdə heç nəyə yaramır. O, Cənubi Qafqaza yalnız Ermənistanın tərkində gələ bilir. Ermənistan isə elə böyük güc və söz sahibi deyil.

Fransa birmənalı şəkildə Ermənistanı müdafiə etdiyinə görə Azərbaycan rəsmi Parisin danışıqlardan uzaq tutulmasına nail olub. Bu isə daima ermənilərə vədlər verən, hətta erməni milyonçuların çirkli pulları ilə Avropa İttifaqında ona yardım etməyə çalışanların iflasıdır. Fransa Prezidentinin və bütövlükdə bu hakimiyyətin düşdüyü vəziyyət onların erməni lobbisinə verdikləri vədlərlə uzlaşmır. Makron Marseldə özünü elə hadisələri kənardan, uzaqdan komanda ilə idarə edən kimi göstərməyə çalışıb. O həmin görüşdə bir bu sözü demədi: "Hər şey nəzarətimiz altındadır". Fransanın İrəvandakı səfirliyində hərbi attaşenin fəaliyyətə başlamasına eyham isə "biz sizə hərbi yardım da edirik" anlamına gəlir.

Deməli, Cənubi Qafqaz siyasəti iflasa uğrayan Makron ermənilərə və lobbisinə yalan danışmaqla onları yola verməyə çalışır. Hakimiyyəti illərində bir neçə dəfə yumurtalanan Makron, görünür, daşa və fitə basılacağından ehtiyat edərək məntiqsiz fikirlər deyib, bəyanat verib.

Nəhayət, Emmanuel Makronun davranışını, çıxışlarını və siyasətini görənlər, anlayanlar Fransa dövlətinə acıyırlar. Çünki azından son yüz ildə Fransaya beləsi başçılıq etməyib. Şarl Andre Jozef Mari de Qoll, Valeri Rene Mari Jorj Jiskar d-Esten, Fransua Moris Adrien Mari Mitteran, Jak-Rene Şirak müqayisəyə gəlməz dərəcədə Makrondan güclü və qüdrətli idilər. Heç şübhəsiz, bu da keçəcək. Fransa tarixində bunun kimi yarımçıq, saxta avantürist başçılar da olub. Bu da gedəcək. Makron tarixdə, ermənilərin belə yaddaşında saxta və yalançı olaraq qalacaq.

Milli.Az


Etiketlər:  Cənubi Qafqazda oyundankənar Fransa tarixə yalançı kimi düşəcək Makron ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ