Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2019 10:45
Bakı. Trend:
Rəssam, mahnı ifaçısı, musiqi üçün sözlərin, aforizmlər və pritçaların müəllifi Rami Meir bu gün Moskvada yaşayır. Amma o, Bakıda anadan olub və tez-tez doğma şəhərində olur. O düşünür ki, bu şəhəri tərk edənlər bütün dünyada Bakıya eşq yayırlar.
- Bakıda anadan olmusunuz. Bəs bu gün Bakıda olursunuzmu?
- Doğma şəhərimi çox sevirəm. Bakıda anadan olduğum üçün xoşbəxtəm. Onun gözəlliyi estetik zövqümü, insanları isə dəyərlərimi və əsas həyat qaydalarımı formalaşdırıb. Mən özümü hər şeydən əvvəl Qafqaz insanı hesab edirəm.
Uşaqlarım da Bakıda anadan olublar, amma sonradan ailəmlə birlikdə İsrailə mühacirət etdik - əslən yəhudiyəm.
Doğma şəhərimə tez-tez baş çəkirəm. Yaradıcılığım - musiqi, şeir, rəsm, tarixi araşdırmalar, əsasən, doğma yerlərdən ilhamlanır və onların gözəlliyini əks etdirir. Bu yaxınlarda dostum, bəstəkar və mahnılarımın musiqisinin müəllifi İqor Timakovla birlikdə məhz Bakıda “Dostlarım” adlı yeni klip çəkdirdik. Ümid edirik ki, onun premyerası bu payız baş tutacaq. Hit olacaq!
- Çoxyönlü insansınız! Rəssam, mahnı ifaçısı, musiqi üçün sözlərin, pritçalar və aforizmlərin müəllifi, sənət və zərgərlik məhsulları düzəldən şəxs, heykəltəraş, dünya dinlərinin tarixçisi və tədqiqatçısı... Nə üçün Sizi bu qədər çox yaradıcı istiqamət maraqlanırdırır və onların hər biri üzrə yüksək səviyyədə işləməyi necə bacarırsınız?
- Hesab edirəm ki, Tanrı hər bir insana bütün qabiliyyətləri bəxş edib. Rəssamlıq, müəllimlik, biznes aparmaq qabiliyyətlərini. Allahın bütün imkanları vermədiyi bir insan yoxdur. Bunu həm dindar insan kimi, həm də dinlərin tədqiqatçısı kimi təsdiq edirəm. Yaradıcılığın məqsədi bu istedadları reallaşdırmaqdır, ancaq insanın özü buna hazır olmalıdır. Axı Allahın bir istəyi var - yaratdıqlarına zövq vermək. Əgər biz də başqalarına Onun kimi zövq versək, bu mənada bir qədər Uca Yaradana bənzəyərik. Ümumiyyətlə, yaradıcılıq bir az Ona bənzəyə biləcəyimiz yeganə şeydir. Fərqli duyğular fərqli dillərlə ifadə olunur. Xoşbəxt olduğum zaman rəsmlər çəkirəm. Kədərlənəndə şeir yazıram.
Hər sahədə necə keyfiyyətli işləyirəm? Cavabım belədir: Özüm bir iş görəndə bunu yaxşı edən insanları sevirəm.
- Sizi nə ilhamlandırır?
- Dünyamız gözəldir və möcüzələrlə doludur. Buna görə çox vaxt süjet fikirləşməyə ehtiyac qalmır. Sadəcə ətrafa baxmaq lazımdır. Realist istiqamətdə işləyirəm.
- Rəsmlərinizi götürək. Bəli, onların süjetləri çox vaxt ilk baxışdan sadə görünür. Ancaq təsvir edilən obrazları və onların qarşılıqlı təsirini xüsusi olaraq öyrənəndə izləyiciyə açılan fantastik mənaya heyran qalırsan!
- Buna diqqət yetirməyiniz mənə xoşdur. İnsanın gözəllikləri görməsi dəyərlidir. Rəsm əsərinin mənasını uzun müddət ona baxan biri görə bilər.
- Məsələn, "Yüksəliş” rəsmi. Sevinc bəxş edən adi bir göy qurşağı kimi görünür. Biz onu uşaqlıqdan tanıyırıq. Əslində isə rəsmdə müəllif Uca Yaradana can atan ruhun keçdiyi yolu rənglər vasitəsilə əks etdirib. Bu yolun elementlərindən biri kimi Yer üzündəki həyatı da, yeri gəlmişkən, daxil etməklə. Bu, heyrətamiz iş və heyrətamiz simvolikadır!
- Məqsədim də budur – sadə və uşaqlıqdan başa düşülən simvol vasitəsilə insanı həyatın mahiyyətini dərk etməyə yönəltmək! Məqsədim yaratmaq, insanların həyatını bəzəməkdir. Rəsmlər vasitəsilə istilik və bilik ötürməkdir. Buna görə də rəsm əsərinin enerjisi vacibdir, bu da heç kəsi laqeyd qoymur.
- Peşəkar dairələrdə Sizin “Dağ yəhudiləri” adlı silsilə rəsmləriniz barədə çox danışırlar. Bu layihənin məqsədi barədə daha çox məlumat verərdiniz...
- Mən təkcə rəssam yox, həm də tarixçi, dağ yəhudilərinin həyatı ilə bağlı bir neçə kitabın həmmüəllifiyəm. Bu materialı rəsm əsərinə çevirməyə qərar verdim. Tarixi sənədlərdən və inqilabdan əvvəlki poçt açıqcalarından istifadə edərək dağ yəhudilərinin milli geyimlərini və bəzək əşyalarını, o cümlədən parçaların toxunmasını, paltardakı rəngləri və ornamentləri araşdıraraq öyrənirdim. Əl işləri ilə bağlı sənətkarlıq nümunələrini, məişəti, eləcə də insanların simalarını araşdırırdım. Bu materialı rəsmlərə köçürdüm. Rəsm dili mənə gələcək nəsillər üçün bütöv bir xalqın və onun mədəniyyətinin etibarlı obrazlarını qorumaqda ən ifadəli vasitə kimi görünürdü.
- Bəs mahnılarınızın süjetlərinin əsasını hansı hadisələr təşkil edib?
- Bütün süjetlər yenə də həyatdan götürülüb. Bunlar dostluq, sevgi, oğlun ana ilə münasibəti, ata, doğum möcüzəsi, dünyanın gözəlliyi, Uca Tanrının üzərimizdəki rolu, həyatın mənasını axtarmaq haqqında mahnılardır. Mənə elə gəlir ki, bu süjetlər bütün insanların ruhuna çox düzgün cavab verir.
- Mahnıların mövzuları çox dərin olsa da, əksəriyyətinin musiqisi enerjili və şəndir. Niyə?
- Hesab edirəm ki, hətta əsas şey haqqında da şən oxumaq olar. Uşağı sərt üzlə də böyüdə bilərsiniz, zarafat və məsəllərlə də. Mən də müdrikliyi şən notda təqdim etməyə çalışıram.
- Rəssam ambisiyanız nədir?
- Hər bir peşəkar həyatında əməyinin abidəsi olacaq ən azı bir sənət əsəri yaratmağı arzulayır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin