Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır

Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır

Tarix: 25 Oktyabr 2019 20:42

Bakı. Trend:

Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.

Trend-in məlumatına görə, bunu Birinci vitse-prezident Mehriban Əliyeva Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının xanımları ilə görüşdə deyib.

Birinci vitse-prezident Mehriban Əliyeva bildirib:

"Əziz xanımlar, sizi salamlayıram. Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana xoş gəlmisiniz. İnanıram ki, BMT-yə üzv dövlətlərin üçdəiki hissəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Bakı Zirvəsi Hərəkatın gələcək inkişafına və üzv dövlətlərin münasibətlərinin həmrəylik və qarşılıqlı anlaşma ruhunda möhkəmlənməsinə mühüm və fərqli töhfəsini verəcəkdir.

Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etmişdir. Ötən illər ərzində bütün çətinliklərə baxmayaraq, ölkəmiz sürətlə inkişaf edib, müstəqilliyini qoruyub saxlayıb və ictimai-siyasi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb. Azərbaycan dünya birliyində etibarlı tərəfdaş və məsuliyyətli üzv kimi tanınır.

Əziz xanımlar, baxmayaraq ki, biz müstəqil ölkə kimi gəncik, lakin Azərbaycan qədim tarixə və zəngin mədəniyyətə malik olan ölkədir. Əsrlərboyu bu məkanda müxtəlif sivilizasiyaların, dinlərin, millətlərin nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayıb. Bu gün də Azərbaycan dövləti və Azərbaycan xalqı bu ənənələri qoruyub saxlayır. Sülh mədəniyyətinin təbliğ, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə ölkəmizdə xüsusi diqqətlə yanaşılır. Təsadüfi deyil ki, son illər Azərbaycan bu sahədə tanınmış beynəlxalq platformaya çevrilib. Son illər ölkəmizdə bir sıra möhtəşəm, mötəbər beynəlxalq forumlar, görüşlər, sammitlər keçirilib. Qoşulmama Hərəkatının XVIII Zirvəsinin məhz Azərbaycanda keçirilməsi bunun növbəti sübutudur. Gələn üç il ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək və mən əminəm ki, bu illər ərzində öz fəaliyyətini məhz bu prinsiplər - əməkdaşlıq, tərəfdaşlıq, qarşılıqlı hörmət, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə dəstək şəklində həyata keçirəcək.

Əziz dostlar, əziz xanımlar, bu gün görüş keçirdiyimiz Heydər Əliyev Mərkəzi dünya şöhrətli memar Zaha Hadidin ölməz əsəridir. Mərkəz bir tərəfdən nadir memarlıq abidəsidir, digər tərəfdən müasir Bakının simasıdır, simvoludur. Qərblə Şərqin tarixini, memarlığını, mədəni abidələrini özündə birləşdirən Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Mən ümidvaram ki, siz vaxt tapıb paytaxtımızla daha yaxından tanış olacaqsınız, insanlarımızın qonaqpərvərliyini hiss edəcəksiniz.

Əziz xanımlar, bir daha sizə “Xoş gəlmisiniz!” deyirəm. Təmsil etdiyiniz ölkələrə və xalqlara sülh və əmin-amanlıq arzulayıram. Sizin hər birinizə möhkəm cansağlığı və uğurlar diləyirəm".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyeva Azərbaycan dünya birliyində etibarlı tərəfdaş məsuliyyətli üzv kimi tanınır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ