Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanın Priqojini” öldü - Markov

“Azərbaycanın Priqojini” öldü - Markov

Tarix: 1 Avqust 2023 12:56

"Azərbaycanın Priqojini", polkovnik Surət Hüseynov öldü. Onun ulduzu 1993-cü ildə parladı. O zaman Azərbaycanda hakimiyyətdə AXC-dən olan qeyri-peşəkar, antirusiya millətçiləri var idi. Onlar Qarabağ uğrunda müharibəni Ermənistana uduzdular.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Daha sonra polkovnik Hüseynov 1993-cü ilin iyununda Gəncədə üsyan qaldıraraq Bakıya qoşun yeritdi və AXC hökumətini devirdi", - Markov qeyd edib.

Markov bu məqamda "Surət Hüseynov hakimiyyəti idarə edə bilmədiyi üçün uzun illər Sovet Azərbaycanının başçısı olmuş Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi" deyə tariximizlə bağlı ciddi bir yanlışa yol verir. Belə ki, Heydər Əliyevi Surət Hüseynov dəvət etməyib, Surət Hüseynovun qiyamı və faktiki olaraq vətəndaş müharibəsi ilə üz-üzə qalan ölkənin rəhbəri - Əbülfəz Elçibəy Heydər Əliyevə Ali Məclisin sədri vəzifəsini təklif etmişdi (Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri kimi həm də Azərbaycan Ali Məclisinin sədr müavini idi - red.). Çünki xalqın güvəndiyi şəxs olaraq Azərbaycanı yalnız Heydər Əliyevin xilas edəcəyini, Rusiyanın oyununu yalnız onun poza biləcəyini bilirdi. Surət Hüseynov Rusiyaya bağlı idi.

"Əliyev respublikanın başçısı oldu. Hüseynov isə Baş nazir. Bir ildən sonra o anladı ki, bütün real hakimiyyət təcrübəli Heydər Əliyevin əlindədir. Onda Hüseynov 1994-cü ilin oktyabrında qiyam qaldırdı. Uduzdu. Rusiyaya qaçdı. Rusiya onu Azərbaycana təhvil verdi. Məhkəmə, həbsxana. Bir neçə il sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edildi. Heydər Əliyev tərəfindən yaradılan yeni Azərbaycan irəliyə doğru getdi. Daha sonra İlham Əliyev Ermənistana İkinci Qarabağ müharibəsində qalib gəldi, Qarabağı qaytardı və bütün Qarabağı qaytarmağa da çox yaxındır. Heydər Əliyev və İlham Əliyev görkəmli dövlət xadimi olmağı bacardılar. Amma Hüseynov artıq bütün bunları televizorda izlədi. Yəqin ki, çox fikirləşib. Bəlkə də xəyal edib ki, nə vaxtsa onun taleyindən bəhs edən film çəkiləcək. Yəqin ki, olacaq, amma indi yox. Çünki Hüseynovun taleyi həm Qarabağ faciəsi, həm də AXC hakimiyyətinin faciəsi ilə bağlıdır. İndi Azərbaycan faciəni xatırlamaq yox, qələbəsini qeyd etmək istəyir", - o bildirib.

Zəruri olaraq qeyd edək ki, "sələflik prinsipi"nə görə Surət Hüseynov "Azərbaycanın Priqojini" yox, Priqojin "Rusiyanın Surət Hüseynovu" adlandırıla bilər.

Milli.Az


Etiketlər:  Azərbaycanın Priqojini öldü Markov


RƏYLƏR