Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2019 21:00
Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanaraq, BP şirkəti ilə Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.
BP şirkətinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu deyən nazir P.Şahbazov bərpa olunan enerji üzrə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. Baronessa Emma Nikolson isə bərpa olunan enerji sahəsində görülən işlərin cari vəziyyəti barədə maraqlanıb.
Bildirilib ki, hazırda müxtəlif şirkətlərdən daxil olmuş təkliflər dəyərləndirilir. Külək və günəş üzrə nəzərdə tutulan layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı vəziyyət öyrənilir.
Görüşdə qlobal miqyasda davamlı enerji təminatında bərpa olunan enerjinin artan rolu, xərclərin azalması ilə bərpa olunan enerjinin rəqabət qabiliyyətli olması və ekoloji təmiz enerjinin ətraf mühitin qorunmasına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin