Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2023 10:24
Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması səbəb olan şəxslər saxlanılıb.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumatında bildirilib.
"Ötən müddətdə davam etmiş terror-təxribat əməllərini, o cümlədən 19 sentyabr 2023-cü il tarixində Əhmədbəyli-Füzuli-Şuşa yolunun 58-ci kilometrliyində və Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda minalar yerləşdirərək iki mülki şəxsin və dörd polis nəfərinin həlak olması ilə nəticələnən terror əməllərini qanunsuz mütəşəkkil silahlı birləşmənin tərkibində iştirak edərək törətməkdə şübhəli bilinən müvafiq şəxslər həmin antiterror tədbirləri zamanı 20 sentyabr 2023-cü il tarixində tərk-silah edilərək saxlanılmışlar", - deyə bildirilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.
Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.
Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsini istəyib.