Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İrəvan "3+3" formatına da xəyanət edəcək: Qafqazda yeni cəbhə açılır

İrəvan

Tarix: 22 Oktyabr 2023 21:15

"3+3" formatının Tehran sammitində Ermənistanın Cənubi Qafqazın ortaq inkişaf perspektivlərinə xəyanət imkanları aydınlaşmış olacaq... Əgər, rəsmi İrəvan Cənubi Qafqaza kobud müdaxilə edən ABŞ və Avropa Birliyinin təlimatları ilə hərəkət edərsə, onda bu format müvəqqəti də olsa, dörd dövlətin regional maraqlarını birləşdirə bilər...

Cənubi Qafqaza aidiyyatı olmayan kənar güclərin regiona müdaxilə cəhdləri intensiv xarakter daşıyır. İndi ABŞ və Qərb bütün mexanizmləri işə salaraq, Cənubi Qafqazda situasiyanı öz xeyrinə dəyişməyə çalışır. Əsas hədəf Rusiya olsa da, bu kobud müdaxilə cəhdləri regionda sülh və əmin-amanlıq mərhələsinin başladılması prosesini ləngidir. Və Qərbin bu kobud müdaxilə cəhdlərini hazırda Cənubi Qafqazın inkişaf perspektivləri qarşısında əsas əngəl hesab etmək olar.

Məsələ ondadır ki, ABŞ və Avropa Birliyi Azərbaycana qarşı təzyiq göstərməyə cəhd göstərir. Əsas bəhanə kimi isə məhz Azərbaycanın Qarabağ regionunu heç bir təzyiq olmadan, könüllü şəkildə tərk etmiş ermənilərdən istifadə etməyə çalışır. Halbuki, bu bəhanələrin heç bir hüquqi əsası mövcud deyil. Və daha çox manipulyasiya xarakteri daşıyır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bütün bunlar ABŞ və Qərbin düşünüldüyünün əksinə olaraq, regional sülh prosesinə dəstək verdiyinə kifayət qədər ciddi şübhələr doğurur. ABŞ və Avropa Birliyinin Azərbaycana yönəlik ortaq çağırışı da Qərbin ikili standartlardan çıxış etdiyini növbəti dəfə təsdiqləyir. Çünki Azərbaycana çağırış edilir ki, rəsmi Bakı Qarabağa dönmək istəyən ermənilərin hüquq və təhlükəsizliyini təmin edəcək addımlar atsın. Halbuki belə çağırışlara qətiyyən ehtiyac yoxdur. Rəsmi Bakı Qarabağın erməni azlığına yaşayış yerlərini tərk etməmək barədə çağırış etmişdi. Ermənilərin hüquq və təhlükəsizliyinin məhz Azərbaycan Konstitusiyası çərçivəsində təmin olunacağını bəyanlamışdı.

Ancaq nə qədər qəribə də olsa, rəsmi Bakının bu çağırışları, verdiyi təhlükəsizlik təminatı nəzərə alınmadı. Ermənistanın və beynəlxalq ermənipərəst qüvvələrin xüsusi məkrli planı, süni xof propoqandası nəticəsində Qarabağın erməni azlığı bölgəni könüllü şəkildə tərk etdi. İndi isə ABŞ və Avropa Birliyi bu məsələni Azərbaycana qarşı təzyiq predmetinə çevirməyə çalışır.

Digər tərəfdən, Avropa Birliyini tam təsir altına salmış Fransa da Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Rəsmi Paris Avropa Birliyinə bağlı müxtəlif qurumları Azərbaycanın əleyhinə ittihamlar irəli sürməyə sövq edir. Yəni, Fransa Afrika yürütdüyü kalonialist siyasətini Cənubi Qafqazda da tətbiq etməyə cəhd göstərir. Və bununla da bütün regionun yeni inkişaf mərhələsinə keçidini əngəlləməyə çalışır.

Son məlumatlara görə, rəsmi Paris daha bir pozucu planını reallaşdırmaq üzrədir. Belə ki, Fransa Ermənistana silah satışını rəsmiləşdirmək qərarı verib. "İki bacı" arasında müqavilə imzalamaqla, Ermənistana hava hücumundan müdafiə sistemləri satmaq niyyəti güdür. Bununla da, rəsmi Paris həm Azərbaycanla münasibətlərini daha da gərginləşdirir, həm də Rusiyanın əvəzinə Cənubi Qafqaza yerləşmək planları qurur.

Təbii ki, ABŞ, Avropa Birliyi və xüsusilə də, Fransanın belə kobud müdaxilə cəhdləri regional proseslərdə alternativ müdafiə layihələrinə ehtiyac yaradır. Ermənistan istisna olmaqla, digər region ölkələri, eləcə də Cənubi Qafqaza qonşu dövlətlərin maraqları bu məsələdə maraqları üst-üstə düşür. Xüsusilə də, Azərbaycan, Türkiyə, Rusiya və İran Qərbin regiona belə kobud müdaxiləsinə qarşı çıxırlar. Və bu kobud müdaxilənin daha effektiv mexanizmlər vasitəsilə bloklanmasını vacib hesab edirlər.

Ona görə də, indi "3+3" formatı Cənubi Qafqaz üçün olduqca böyük əhəmiyyət daşımağa başlayıb. Bu ortaq regional inkişaf formatını vaxtilə rəsmi Bakı təklif edib, Türkiyə tərəfindən də dəstəklənib. Rusiya və İran isə buna qarşı çıxmasalar da, son vaxtlara qədər bu formatın intensiv fəaliyyətinə xüsusi həvəs göstərməyib. Gürcüstan isə Rusiya ilə münasibətlərini səbəb göstərərək, hələlik formatdan məsafə saxlamağa üstünlük verir.

Ancaq son müşahidələr onu göstərir ki, ABŞ və Qərbin Cənubi Qafqaza intensiv və kobud müdaxiləsi Rusiya və İranı da "3+3" formatından yararlanmaq mövqeyinə yönəltməyə başlayıb. Böyük ehtimalla həm Kremldə, həm də Tehranda ABŞ və Avropa Birliyinin regiona yerləşmək cəhdlərinin verə biləcəyi nəticələrə ciddi yanaşmaq məcburiyyətində qalıblar. Və bu səbəbdən də indi bu iki dövlət də "3+3" formatının işlək regional mexanizmə çevrilməsi istiqamətində israrlı davranmağa çalışır.

Məsələ ondadır ki, "3+3" formatı üzrə xarici işlər nazirlərinin görüşünün Tehranda keçirilməsi qərarlaşdırılıb. Gürcüstan istisna olmaqla, digər beş ölkənin xarici işlər nazirləri görüşə qatılmaq niyyətində olduqlarını artıq təsdiqləyiblər. Bu baxımdan, Cənubi Qafqaz ölkələri və regiona qonşu dövlətlər bölgənin gələcək taleyini ortaq maraqlar və qərarlar çərçivəsində həll etmək şansına sahibdirlər. Və bu şansın əldən buraxılması Qərbin Cənubi Qafqaza pozucu müdaxilə cəhdlərinə münbit şərait yarada bilər.

Belə anlaşılır ki, Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistan regionun inkişaf perspektivlərini tam nəzarətə alınması ilə bağlı bəzi önəmli problemləri həll etməli olacaqlar. Ermənistan istisna olmaqla, digər dörd dövlət üçün ilkin mərhələdə ABŞ və Avropa Birliyinin regiona yerləşmək cəhdlərinin bloklanması hələlik əsas hədəf kimi görünür. Və bu hədəfin reallaşması cəhdlərinin qazana biləcəyi uğurlardasa, Ermənistanın mövqeyi müəyyən əhəmiyyət daşıyır.

Maraqlıdır ki, hazırda bu formata ən ciddi təhlükə Ermənistanın "sürüşkən və xaotik" siyasi kursudur. Hər halda, ABŞ və Avropa Birliyinin məhz Ermənistan üzərindən Cənubi Qafqaza müdaxilə etməyə çalışdığı heç kimə sirr deyil. Ermənistan hazırda ABŞ və Avropa Birliyi üçün regionda "geopolitik alət" rolunu oynayır. Və bu baxımdan, rəsmi İrəvanın "3+3" formatına qarşı əngəlləyici faktor rolunu oynaya biləcəyi qətiyyən istisna deyil.

Ona görə də "3+3" formatının Tehran sammitində Ermənistanın Cənubi Qafqaza xəyanət imkanları da aydınlaşmış olacaq. Əgər, rəsmi İrəvan ABŞ və Qərbin təlimatları ilə hərəkət edərsə, onda bu format müvəqqəti də olsa, dörd dövlətin timsalında regional maraqları birləşdirə bilər. Bu baxımdan, hesab etmək olar ki, "3+3" formatının növbəti sammiti Cənubi Qafqaz uğrunda mübarizədə qüvvələr nisbəti təxmini də olsa, dəqiqləşəcək. Ən əsası isə ABŞ və Qərbin regiona müdaxiləsini bloklayacaq yeni cəbhənin açılması tamamilə mümkündür.

Milli.Az


Etiketlər:  İrəvan 33 formatına da xəyanət edəcək Qafqazda yeni cəbhə açılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ