Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“İlk oyundan çox şey asılıdır” - Millimizin baş məşqçisi - FOTO

“İlk oyundan çox şey asılıdır” - Millimizin baş məşqçisi - FOTO

Tarix: 24 Oktyabr 2023 11:28

Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək minifutbol üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan yığması səfərə yollanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızın baş məşqçisi Elşad Quliyev, komandanın futbolçuları Təmkin Xəlilzadə və Seymur Məmmədov açıqlama veriblər. 

Əvvəlcə baş məşqçi Elşad Quliyev fikirlərini bildirib: "Komandada ümumi vəziyyət, ab-hava çox yaxşıdır. İlk dəfə dünya çempionatına gedirik. İnanıram ki, vətənə gülə-gülə qayıdacağıq. Rəqiblər haqda tam olmasa da, 50 faiz məlumatımız var. Daha güclü qrupa düşə bilərdik. Lakin reyqintə görə münasibət rəqiblərlə üz-üzə gələcəyik. İlk oyundan çox şey asılıdır. Minimum hədəf qrupdan çıxmaqdır. İnanıram ki, daha da irəli gedə bilərik. Favorit olaraq ilk 5-likdə göstərilirik. Buna görə də rəqiblər bizə qarşı daha ciddi yanaşırlar. Bu da işimizi çətinləşdirir. Artıq əksər matçlarda 1 nömrə kimi oynamalıyıq. Qarşılaşmalarda diktə edən tərəf biz olacağıq. Rəqiblər müdafiədə sıx oynayırlar ki, az qol buraxsınlar. Bütün bunlar bizi qorxutmur. Məşqlərdə müxtəlif taktiki gedişlər üzərində işləmişik".

Yığmamızın baş məşqçisi komandanın aparıcı üzvü Bəxtiyar Soltanovun dünya çempionatı üçün heyətdə yer almamasına belə aydınlıq gətirib: "Bəxtiyarın səhhətində problemlər var idi. Ona görə heyətdən kənarda qaldı. Amma o, komandamızın daimi üzvüdür və gələcəkdə yenə də yığmanın düşərgəsində olacaq".

Millimizin kapitanı Seymur Məmmədov dünya çempionluğunu hədəflədiklərini deyib: "Hazırlığımız yüksək səviyyədədir. İstər ölkə daxilində, istər ölkə xaricində yaxşı hazırlıq keçmişik. Komandamızda vəziyyət əladır. Hədəfimiz dünya çempionu olmaqdır. Buna qədər Avropa çempionu olmuşuq. Azərbaycada hamı bizi çempion kimi tanıyır. Ona görə də azarkeşlər komandamızdan yüksək nəticə gözləyirlər. Biz də bu etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Dünya çempionatında zəif rəqib yoxdur. Ona görə də bizim üçün hər matç finala bərabər olacaq. Fərqi yoxdur, bu, qrup oyunudur, ya pley-off".

Azərbaycan əsas futbol yığmasının sabiq üzvü, hazırda minifutbol üzrə komandada çıxış edən Təmkin Xəlilzadə də dünya çempionatından danışıb: "Komandada ab-hava çox yaxşıdır. Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. Bildiyiniz kimi, Türkiyədə 2 həftəlik təlim-məşq toplanışında olduq. Çempionlar Liqasının oyunlarına qatılarkən də demişdim ki, minifutbol mənim üçün yeni bir səhifədir. Özüm üçün də çox maraqlıdır. Təbii ki, Çempionlar Liqası ilə dünya çempionatı arasında fərq var, ab-hava eyni deyil. Bu, sırf milli komandalarla bağlı turnirdir. Azərbaycanın adı olan yerdə canla-başla kömək etməyə hazıram. Fərqi yoxdur, futbol olsun, ya minifutbol. Rəqiblər haqda mənim o qədər də məlumatım yoxdur. Amma Azərbaycan yığması bu turnirə Avropa çempionu kimi yollanır. Ona görə də bu adı sübut etməliyik. Göstərməliyik ki, Avropa çempionluğumuz təsadüfi olmayıb. 

Milli üzvü futbol və minifutbol arasında belə müqayisə aparıb: "10 il peşəkar futbol oynamışam. Minifutbolda isə sistem tam fərqlidir. Sırf mənim üçün futboldan minifutbola keçid çətinlik yaratmır. Çünki böyük futbolda çıxış edərkən də ara-sıra yığışıb dostlarla minifutbol oynayırdıq. Xırda detallar var ki, onlara fikir verməlisən. Məsələn, böyük futbolda hansısa epizodda komanda yoldaşını sığortalaya bilirsən. Amma minifutbolda bu, mümkün deyil. Xüsusən də standart vəıziyyətlər zamanı hər şey bir anın içində baş verir, saniyə söhbəti olur".

Milli.Az


Etiketlər:  İlk oyundan çox şey asılıdır Millimizin baş məşqçisi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ