Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ermənistan Qərbin oyun meydanına çevrilib

Ermənistan Qərbin oyun meydanına çevrilib

Tarix: 15 Noyabr 2023 19:48

Milli.Az report-a istinadən Kamil Məmmədovun yazısını təqdim edir

Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa hesablanmış oyunları tam sürətlə yeni fazaya qədəm qoyub. Kollektiv Qərb regionda maraqlarını təmin etmək üçün qurbanlıq keçi kimi Ermənistanı seçib. Artıq İrəvanın iki tərəfin maraq münaqişəsinin mərkəzinə çevrilib. Bu ölkənin hökuməti isə Rusiya əleyhinə ittifaqa qoşulmaq üzrədir və bunun ölkə üçün dağıdıcı nəticələrə səbəb olacağını unutmuş kimi görünür.

Qərb, xüsusən də ABŞ və Fransa özünü Ermənistanın himayədarı kimi aparsa da, əslində sülh prosesini pozmaq, sabotaj etməkdən başqa bir işə yarayan fəaliyyət göstərmir. Şirin vədlərə aldanan ölkənin Baş naziri Nikol Paşinyan Minskdə keçirilməsi planlaşdırılan KTMT iclasında iştirak etməkdən imtina edib. Bütün bu hadisələr isə İrəvanın Moskvaya qarşı diplomatik demarşı kimi qəbul edilib.

Rəsmi İrəvana verilən vədlərin illüziyadan başqa bir şey olmadığı zamanla təsdiqini tapır. Bunlara inanan Nikol Paşinyan isə Rusiya ilə Qərbin qarşıdurmasını öz ərazisinə çəkməklə dövlətini uçuruma aparır. ABŞ və Fransanın diplomatik dairələri Ermənistanın atdığı addımları izləyirlər və el arasında deyildiyi kimi, "barıtı bir az da artırırlar".

Təsadüfi deyil ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozef Borelin "Ermənistanın ərazi bütövlüyü və suverenliyinin istənilən pozulması yolverilməzdir və "ağır nəticələrə" səbəb olacaq" tipli açıqlaması Azərbaycan əleyhinə yönəlib və Qərbin hər zaman yürütdüyü ikili siyasətin bariz nümunəsidir.

Maraqlıdır ki, İrəvan beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə, sülh müqaviləsini imzalamağa, sərhədləri demarkasiya və delimitasiya etməyə, anklavları qaytarmağa təşviq etmək əvəzinə, Borel və eyni mövqedə olan şəxslər Azərbaycana qarşı qərəzli bəyanatlar səsləndirirlər. Buna paralel olaraq Aİ ölkələrindən bəziləri Ermənistanı silahlandırır, Cənubi Qafqazda sülh və sabitliyə mane olan hərbiləşmə siyasətini dəstəkləyir, bölgəni yeni qarşıdurmalara sürükləyən siyasəti təşviq edir.

Bir sıra platformalarda "sülhü dəstəkləyirik, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Qərbin əsas məqsədidir" bəyanatları səsləndirən, tərəfləri sülh danışıqlarını bərpa etməyə çağıran Qərbin bu oyununu necə başa düşək? Lap məşhur lətifədə deyildiyi kimi, pişik budursa, ət hanı, ət budursa, pişik hanı?

Amma erməni dövlətinin xarici siyasəti ilə məşğul olan şəxslər bunu başa düşmür və ya başa düşmək istəmir. Əvəzində isə XİN başçısı Ararat Mirzoyan əlinə bir xəritə alaraq, Avropanın siyasi dairələrini gəzir, Nikol Paşinyanın "Sülhün kəsişməsi" layihəsinin faydaları barədə uzun-uzadı nitqlər söyləyir. Qərb diplomatiyası isə hiyləgər təbəssümlə bu nitqləri dinləyərək "yes, yes" deməklə kifayətlənir.

Hələlik bu layihəyə nə ciddi maraq, nə də dəstək sərgiləyən olmayıb. Səbəb isə sadədir. Ermənistanın xarici siyasət idarəsi rəhbərindən fərqli olaraq, Qərbin diplomatik mərkəzlərində gözəl başa düşürlər ki, Cənubi Qafqaz regionunda qlobal layihələrin açarı Azərbaycandır. Rəsmi Bakının iştirakı və razılığı olmadan bu regionda heç bir layihəni reallaşdırmaq mümkün deyil.

Cozef Borelin ikili standartlarla dolu bəyanatından başqa, Ermənistanı Rusiya əleyhinə cəbhəyə keçməyə sövq edən başqa bir faktor da ABŞ-nin vədləridir. Elə dünən məlum olub ki, İrəvan və Vaşinqton arasında əldə edilən razılaşmaya əsasən, Rusiya tərəfindən forpostu sayılan ölkəyə qarşı təzyiq və sanksiyalar tətbiq edilsə, ABŞ bir sıra sahələrdə dəstək göstərəcək. Siyahıya "Metsamor" elektrik stansiyasını nüvə yanacağı ilə təmin etmək, Ermənistana dizel yanacağı göndərmək, buğda və un məhsulları, internetlə təmin etmək, lazımi hərbi texnika göndərmək kimi bəndlər yer alıb.

Məlumdur ki, yuxarıda sadalanan əsas bəndlərlə Ermənistanı bu günə qədər Rusiya təmin edib. Göründüyü kimi, ABŞ kəşfiyyatçıları pusquda duraraq rəsmi İrəvanı şirin vədlərlə tərəflərinə çəkmək istəyirlər. Bu razılaşmanın əldə edilməsi təsadüfi deyil. Belə ki, bu yaxınlarda Rusiya Kənd Təsərrüfatı nazirliyinin daş buğda ixracını dayandırması barədə qərarından sonra amerikalıların hərəkətə keçəcəyi ehtimal edilirdi. Məlum məsələdir ki, kollektiv Qərb, xüsusən də ABŞ heç bir halda Rusiyanın liderlik etdiyi qurumlara, xüsusən də hərbi-siyasi blok sayılan KTMT-ə üzv ölkələrə elə-belə yardım etməz.

Çox güman ki, bu "yardım"ların əvəzində rəsmi İrəvandan bu formatlardan tərk etmək tələb ediləcək. Ermənistanın son aylar yürütdüyü siyasət də İrəvanın buna doğru getdiyini nümayiş etdirir.

Qərbin vədlərinin boş olduğundan söz düşmüşkən, son günlər ciddi şəkildə müzakirə olunan Fransa istehsalı "Bastion" zirehli maşınlarını da misal çəkmək olar. Ermənistanlı hərbi ekspertlər belə bu maşınların ölkənin coğrafi relyefinə uyğun olmadığını bildiriblər. Qeyd olunub ki, "Bastion" zirehli maşınları Afrikada fəaliyyət göstərən fransız xüsusi təyinatlıları üçün nəzərdə tutulub və düzən ərazilərdə effektlidirlər.

Ekspertlər vurğulayıblar ki, Ermənistanın ərazisinin əsasən dağlıq olduğunu nəzərə almaq lazımdır və bu avtomobillərin erməni hərbçiləri üçün yararlığı sual altına düşür. Onlar bildiriblər ki, "Bastion" maşınları dərə-təpə yollarda asan hədəfə çevriləcəklər.

Bundan başqa bildirilir ki, "Bastion"un müdafiə qabiliyyəti zəifdir və onu yaxın məsafədən asanlıqla tank əleyhinə raketlə məhv etmək mümkündür. Bu xarakteristikasına görə zamanında Ukrayna "Bastion" maşınlarından imtina etmişdi.

Bir daha qeyd etmək lazımdır ki, Qərb Ermənistanı artıq Rusiya ilə mübarizə meydanına çevirib. Bu isə rəsmi İrəvan üçün çox ciddi nəticələrə səbəb olacaq. Rusiyanın bu tip xəyanəti bağışlamayacağı gün kimi aydındır. Moskvanın hansı tədbirlər görəcəyini zaman göstərəcək. Bizi maraqlandıran digər məsələ isə imzalanacaq sülh müqaviləsinin sabotaj edilməsidir. Ermənistan hökuməti hələ də uçurumun kənarında dayandığının fərqinə varmır və Qərbin aləti olmağa davam edir...

Milli.Az


Etiketlər:  Ermənistan Qərbin oyun meydanına çevrilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ