Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Deputatlar Yeni ili harada qarşılayacaqlar? - SORĞU

Deputatlar Yeni ili harada qarşılayacaqlar? - SORĞU

Tarix: 29 Noyabr 2023 14:04

Yeni il bayramına, təxminən, bir ay qalıb. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı ölkədə hər il bir neçə gün qeyri-iş günü olur. Bu müddət ərzində tətili rayonlarda və ya ölkə hüdudlarından kənarda keçirənlərə, eləcə də Yeni ili xaricdə qarşılamaq istəyənlərə də rast gəlinir. Bəs görəsən, Milli Məclisin deputatları Yeni ili harada qeyd edəcəklər?

İqtisadiyyat.az bu sual ətrafında Milli Məclisin bəzi deputatları arasında sorğu keçirib.

Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Yeni İli hər zaman ailəsi ilə birlikdə Gəncə şəhərində keçirir. O, bu il də bayramı ənənəvi qaydada keçirməyi düşünür: "Bayram günlərində verilən fürsətdən istifadə edərək yaxınlarımı, qohumlarımı ziyarət edirəm. Bu il də qismət olarsa, bayramı Gəncə şəhərində qeyd etməyi düşünürəm. Əgər imkan yaranarsa, bayram günlərində işğaldan azad olunmuş ərazilərə səfər etməyi də planlaşdırıram".

Deputat Tahir Rzayev də deyib ki, son dövrlər Yeni İli ailəsi, dostları ilə birlikdə ölkə daxilində keçirir. O, bu dəfə də təzə ili ölkədə qarşılayacağını söyləyib: "Heç bir xarici ölkəyə getmək fikrim yoxdur. Lakin icazə verilərsə, işğaldan azad olunmuş ərazilərə səfər etmək olar. Çünki uzun illər Yeni il bayramlarında o torpaqlar sevinməyib və bu torpaq sakinlərinin həmin ərazilərə səfəri sevindirici hal olar. Dağı, daşı dilə gətirər. Düşünürəm ki, bundan sonrakı bayramlarımızı Şuşada, Ağdamda, Xankəndidə və digər rayonlarımızda keçirəcəyik".

Deputat Müşfiq Cəfərov isə bayramı Gəncədə keçirməyi planlaşdırır. Yeni İli hər zaman ailəsi və valideynləri ilə birlikdə qarşıladığını deyən deputat bu dəfə də ənənəsinə sadiq qalacağını bildirib. 

Yeni ili Qusar rayonunda keçirməyi düşünən deputat Azər Badamov isə qeyd edib ki, buna səbəb turistik niyyətidir: "Bilirsiniz ki, qış-yay turizm kompleksi Qusarda yerləşir. İnsanların əksəriyyəti Qusara istirahətə gedir. Ona görə də elə Yeni İli Qusarda qeyd etməyi düşünürəm".

Deputat Ceyhun Məmmədov da Yeni İli işğaldan azad olunmuş ərazilərdə keçirmək arzusunda olduğunu söyləyib: "Yeni İli hələlik işğaldan azad olunmuş torpaqlarda keçirmək mümkün deyil. Çünki bərpa-quruculuq işləri davam etməkdədir. Amma mümkün olsaydı, bayramı böyük məmnuniyyətlə həmin torpaqlarda keçirərdim. İndiki məqamda Yeni ili ailəmlə birlikdə ölkə daxilində keçirməyi düşünürəm".

Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc da Yeni İli ölkədə ailəsi və doğmaları ilə birlikdə evdə keçirməyi düşünür. 

Milli.Az


Etiketlər:  Deputatlar Yeni ili harada qarşılayacaqlar SORĞU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ