Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2023 16:26
Son illər qadın mövzusu medianın, sosial şəbəkənin gündəmindən düşmür. Vaxtaşırı qadın qətlləri, zorakılıq barədə acı xəbərlər yayılır, qadınların xəyanət videoları gündəm olur, onların övladlarını atması efirlərdə müzakirə mövzusuna çevrilir.
Məişət zəminində baş verən ailə mübahisələri isə bəzən bədbəxt sonluqla bitir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülnar Orucova bildirib ki, bu tip problemlər zamanı boşanmaq mədəniyyət göstəricisidir:
"Bu gün biz ancaq sözdə deyirik ki, Avropaya inteqrasiya edirik, ancaq bunu yalnız geyimlərdə görürük. Çimərlik paltarında küçəyə çıxmaq avropalaşmaq demək deyil. Avropalaşmaq təkbaşına öz ayaqlarının üzərində durmağı bacarmaqdır, övladlarına sahib çıxmaqdır, ayrılmaqdan qorxmamaqdır. Əgər sən həyat yoldaşınla ayrılmaq istəyirsənsə, bunu etməlisən. Mən "boşanmaq mədəniyyətdir" deyədə sosial şəbəkələrdə daş-qalaq edilirəm. Mən insanları boşanmağa çağırmıram, deyirəm ki, əgər xəyanət edəcəksənsə, övladlarını atıb gedəcəksənsə, övladların şiddət görüb travma alacaqsa, boşan! Belə yerdə qalmağın mənası yoxdur. Əgər partnyorlar arasında sevgi, qarşılıqlı hörmət bitibsə, davam etməyin heç bir mənası yoxdur, həmin şəxsləri birləşdirən heç bir duyğu yoxdur".
Onun sözlərinə görə, vaxtında boşanmamağın sonu bəzən bədbəxt hadisələrlə nəticələnir:
"Son illər baş verən qətl hadisələri məhz bu cür problemlərdən qaynaqlanır. Biz çalışmalıyıq ki, qətl hadisələri olmasın, əgər yola getmiriksə, ayrılaq. Bundan sonra da Azərbaycan kişisi anlamalıdır ki, artıq mən bu qadından ayrılmışam, ondan 5 uşağım olsa belə, mənim həyat yoldaşım deyil, etdiyi hər hansı bir işə görə onu öldürməyə haqqım yoxdur. Azərbaycan kişisi bunu dərk etməlidir. Bilməlidir ki, xəyanət edən arvadını videoya çəkib sosial şəbəkələrdə paylaşmağa haqqı yoxdur. Xəyanət edibsə. Ayrılmalısan, bu qədər bəsit!
Qadın səhv etmiş ola bilər, amma onu səhv etməyə məcbur edən yaşadığı cəmiyyətdir".