Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq Ermənistana nümunə olmalıdır”

“Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq Ermənistana nümunə olmalıdır”

Tarix: 13 Dekabr 2023 10:38

Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze Gürcüstanın parlament nümayəndə heyətinin Azərbaycana səfərinin müsbət keçdiyini qeyd edib. O deyib ki, bütün regionun gələcəyi Gürcüstan və Azərbaycan arasındakı dostluq və əməkdaşlıqdan asılıdır. Birgə iqtisadi, infrastruktur, turizm layihələrinin, həmçinin ticarət əlaqələrinin iki ölkəni bir-birinə bağladığı bildirilib. Talakvadze onu da vurğulayıb ki, Gürcüstan regionda uzumüddətli sülhü dəstəkləyir və Azərbaycan və Ermənistan arasında danışıqlara töhfə verməyə hazırdır: "Gürcüstan həmişə Azərbaycan və Ermənistanın bir-biri ilə danışdığı məkan olub. Bu gün bizim vasitəçiliyimiz, bizim iştirakımız həqiqətən zəruridir və burada, Bakıda biz bir daha tərəfdaşlarımızdan eşitdik ki, onlar Gürcüstanın sülh sazişi prosesində iştirakını yüksək qiymətləndirirlər və alqışlayırlar. Bu razılaşma regiona - Azərbaycana, Ermənistana və Gürcüstana lazımdır". 

Milli.Az xəbər verir ki, Azərbaycan - Gürcüstan  əlaqələrinin inkişafını Demokrat.az-a açıqlamasında şərh edən politoloq Elşad Həsənovun sözlərinə görə iki ölkə uzun illərdir ki, strateji müttəfiqdir: 

"Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili dekabrın 10-da Azərbayanda səfərdə oldu, Prezident İlham Əliyevlə görüş keçirildi. Azərbaycan müstəqillik əldə etdikdən sonra ulu öndər Heydər Əliyevin 1993-cü ildə Gürcüstana səfəri iki ölkə arasındakı dostluğa böyük töhfə verdi. Azərbaycanın yeraltı sərvətləri Gürcüstan üzərindən Avropaya daşınır. Gürcüstanda yaşanan iqtisadi çətinliklər dövründə də Azərbaycan onun yanında oldu".  

Ekspert bildirib ki, son illər Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi münasibətləri iki ölkə arasındakı dostluğu daha da inkişaf etdirir: 

"Prezident may ayında Tbilisiyə səfər etdi. Səfər zamanı bildirildi ki, Azərbaycanla Ermənistan arasında sülh danışıqları Tbilisidə baş tuta bilər. Bu gün də bu fikir aktualdır. Təəssüf ki, karantin rejimi ilə əlaqədar Gürcüstanla quru sərhədlər bağlıdır, bu, müəyyən qədər çətinlik yaratsa da, iqtisadi, ticari əlaqələr uğurla inkişaf etməkdədir. Gürcüstanla Azərbaycan arasında olan mehriban qonşuluq əlaqələrini Ermənistan da görür. Yəqin ki, Ermənistan bu istiqamətdə poztiv addımlar atmağa məcbur olacaq. Sülh danışıqları iki dövlətin sərhədində olmalıdır, əgər başqa ölkə ərazisində olacaqsa, Gürcüstan ən yaxşı variantlardan biridir. Xatırladım ki, 44 günlük müharibə dövründə Gürcüstanın həm hava məkanı, həm də quru yolları Ermənistana silah daşınması üçün bağlı idi. Güman edirəm ki, qarşılıqlı dostluq münasibətləri bundan sonra da uğurla davam edəcək".

Milli.Az


Etiketlər:  Azərbaycanla Gürcüstan arasındakı mehriban qonşuluq Ermənistana nümunə olmalıdır


RƏYLƏR