Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıya qarşı separatizm planı İrəvanı qarışdırdı - Yeni MÜHARİBƏ qorxusu

Bakıya qarşı separatizm planı İrəvanı qarışdırdı - Yeni MÜHARİBƏ qorxusu

Tarix: 25 Dekabr 2023 12:00

Qarabağdan İrəvana qaçan separatçılarla Ermənistan hakimiyyəti arasında qarşıdurma açıq müstəviyə keçib. Bunun əsas səbəbi keçmiş separatçı rejimin sonuncu "başçısı" Samvel Şahramanyanın Xankəndidə özünüburaxma haqda qərardan imtina etməsi, fəaliyyətlərinə davam etdikləri haqda yeni qondarma "qərarlar" qəbul etməsidir.

Sonxeber.net Publika.az-a istinadən xəbər verir ki, özünü Şahramanyanın "müşaviri" kimi təqdim edən Vladimir Qriqoryan separatçı rejimin buraxılması haqda qərarın artıq mövcud olmadığını iddia edib.

O əlavə edib ki, Şahramayan oktyabrın 19-da yeni "qərar" verib və buna əsasən, qondarma "artsaxın qurumları" fəliyyətlərni davam etdirirlər.

"2023-cü ilin oktyabrın 1-dən sonraya aid sənədlər etibarlıdır. Artıq hesab edə bilərik ki, Şahramanyanın sentyabrın 28-də imzaladığı fərman (özünüburaxma haqda qərar-red) ləğv edilib".

Qriqoryanın açıqlamasından sonra qondarma "artsax" informasiya mərkəzi Şahramanyanın iştirakı ilə qondarma "qurumların əməkdaşları"nın görüş keçirdiyinə dair foto paylaşıb. Şahramanyan görüşdə bildirib ki, "artsax"ın ləğvi ilə bağlı heç bir sənəd mövcud deyil.

Şahramanyanın bu gedişi Ermənistan hakimiyyəti tərəfindən sərt qarşılanıb. Hakim "Mülki müqavilə" partiyasından olan deputat Artur Hovvanisyaan bildirib ki, "Şahramanyan kimdir ki, İrəvanda fərman imzalasın?"

O, Ermənistanda bir hökumətin olduğunu deyib və qeyd edib ki, buna qarşı çıxan və ya mübarizə aparan istənilən təşəbbüs dövlət əleyhinə fəaliyyət kimi qiymətləndiriləcək, ən sərt tədbirlər görüləcək.

"Ermənistanı yeni hərbi təxribata cəlb etmək istəyənlərin bütün planları alt-üst olacaq, müəllifləri isə ciddi şəkildə cəzalandırılacaq", - erməni deputat qeyd edib.

Hakim partiyanın digər deputatı Lilit Minasyan isə deyib ki, İrəvanda Qarabağla bağlı imzalanmış istənilən sənədin hüquqi qüvvəsi yoxdur: "İstənilən "qanun", istənilən "qərar" etibarsızdır. Təxribat olmaqla yanaşı, heç bir faydalı iş görmürlər. Ermənistanın təhlükəsizliyinə qarşı istənilən təxribata hüquq-mühafizə orqanları tərəfindən sərt cavab verilməlidir".

Deputat Gevorq Papoyan da deyib ki, Şahramanyan Ermənistanda yalnız şəxsi xarakterli kağız və sənədləri imzalaya bilər: ərizə, şəxsi əşyalar, xatirə dəftəri, müəllif kitabı və s.

"Azadlıq radiosu"nun erməni xidməti yazır ki, Ermənistan hakimiyyətinin separatçı rejimlə bağlı başqa bir qərarı da var. Bu qərara görə, qondarma "artsax"ın "qurumları" fəaliyyət göstərmək istəyirlərsə, o zaman, erməni banklarına olan 300 milyard dramdan artıq borcu da üzərilərinə götürməlidirlər.

Hakim partiyanın deputatı Vaaqn Aleksanyan vurğulayıb ki, Ermənistan daxilində "dövlət modeli" yaratmaq cəhdləri heç bir nəticə verməyəcək, əksinə, ölkə üçün yeni təhlükələr yaradacaq.

Məlumata görə, özünü Şahramanyanın "müşaviri" adlandıran Vladimir Qriqoryan məlum açıqlamasından bir neçə saat sonra "vəzifəsindən" istefa verib.

Ermənistanda media da separatçıları sərt şəkildə tənqid edib. Əsas tezis belədir ki, separatçılar Ermənistanı Azərbaycanla yeni müharibəyə sürükləmək istəyirlər və bu baş verərsə, Azərbaycanı heç bir qüvvə dayandıra bilməyəcək.


Etiketlər:  Bakıya qarşı separatizm planı İrəvanı qarışdırdı Yeni MÜHARİBƏ qorxusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ