Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2019 10:54
Bakı. Samir Əli - Trend:
Abşeron rayonunda jurnalist Hacı Zeynalovun evindən oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Trend-ə zərərçəkmiş Hacı Zeynalov məlumat verib.
O bildirib ki, evini qarət edənlər ötən həftə Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər - Orxan Paşazadə və Əhməd Savdumov barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, jurnalistin evini qarət edənlər mütəşəkkil dəstə olub və saxlanılan iki nəfər də həmin dəstənin üzvlərindəndir. Oğurluqda iştirak edən daha bir neçə nəfərin şəxsiyyəti müəyyən olunub.
Qeyd edək ki, Teleqraf.com saytının müxbiri Hacı Zeynalovun evi ötən ilin dekabrında qarət olunub.
Abşeron rayonunun Saray qəsəbəsində olan fərdi evdən “Grundig” markalı televizor, ətçəkən maşın, pul və rəsmi sənədlər oğurlanmaqla jurnalistə ümumilikdə 1425 manat ziyan dəyib.
Xatırladaq ki, həbs olunanlar Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi və Fatmayı qəsəbəsində 30-dan çox evi qarət ediblər.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər "Mercedes” markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobillə evlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər.
Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları oğurlayıblar.
Faktla bağlı Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla) və 326-cı (rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə cinayət işi başlanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin