Tarix: 18 Noyabr 2019 11:32
"Kryptowire" şirkətinin mütəxəssisləri "Android" mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda 146 yeni boşluq aşkar ediblər. Bu haqda "Wired" portalı yazıb.
"ICTnews" Elektron Xəbər Xidməti "iz.ru" saytına istinadən yazır ki, "Kryptowire" şirkəti 29 istehsalçının smartfonu üzərində genişmiqyaslı yoxlama aparıb və məlum olub ki, öncədən quraşdırılmış proqramlarda 146 boşluq mövcuddur.
Məlumata görə, bu boşluqlar hakerlər tərəfindən məlumatların oğurlanması və başqa zərərverici fəaliyyət məqsədilə istifadə edilə bilər. Məsələn, həmin boşluqların köməyi ilə cinayətkarlar mikrofona müdaxilə edərək cihazın sahibinin danışığını dinləyə, hətta smartfon sisteminə hüquq əldə edə bilər.
"Öncədən quraşdırılmış proqramların kodu sistemdə gizlədildiyinə görə istifadəçi funksionallığı pozan mobil proqramı silmək üçün heç nə edə bilmir" – "Kryptowire" şirkətinin baş direktoru Anqelos Stavru izah edib.
Onun sözlərinə görə, istehsalçılar ucuz qurğular hazırlamaq üçün proqram təminatının keyfiyyət standartlarını aşağı salmalı olurlar ki, bu da son nəticədə istifadəçini təhlükə qarşısında qoyur.
Emil Hüseynov