Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2024 14:09
Ermənistan mövcud mübahisələri həll etmək üçün Azərbaycanla danışıqlara getmədi və məhdud səviyyədə həyata keçirilən müzakirələri davam etdirə bilmədi.
Sonxeber.net xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Haaqada Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi (Ermənistan Azərbaycana qarşı) üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə keçirilən ictimai dinləmələr zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın üçüncü şikayətində münaqişələr zamanı erməni əsgərlərə, hərbi qulluqçulara və mülki şəxslərə qarşı pis rəftar, ermənilərin özbaşına saxlanması və yoxa çıxması ilə bağlı əsassız iddialar yer alıb:
"Bu cür məsələlər İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya çərçivəsində məhkəmənin yurisdiksiyasına aid deyil. Bu, Azərbaycanın əsaslı etirazıdır. Ermənistanın üçüncü şikayətinin bütün hissələri prosessual baxımdan qüsurludur. Ermənistan məhkəmə qarşısında bu proseslərə başlamaq və bu proseslərin təsirindən istifadə edərək Azərbaycana qarşı ictimai media kampaniyası aparmaq niyyətində idi".
Nazir müavini bildirib ki, Azərbaycan beynəlxalq humanitar hüququn və digər beynəlxalq insan hüquqları normalarının iddia edilən pozuntularını heç bir şəkildə qəbul etmir:
"Ermənistandan fərqli olaraq, Azərbaycan öz vətəndaşlarını müvafiq cinayətlərdə mühakimə etməkdən çəkinməyib. İkinci Qarabağ müharibəsi və ondan sonra ələ keçirilən erməni hərbi qulluqçuları və digər məhbusların əksəriyyəti Ermənistana qaytarılıb. Qaytarılmayanlar isə ağır cinayətlərə görə məhkum ediliblər, ya da hazırda hərbi cinayətlər, terrorizm və ya separatizmə görə mühakimə olunurlar".