Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2019 13:12
Bakı. Elçin Mehdiyev – Trend:
Nazirlər Kabinetinin 2017-ci ildə məcburi köçkünlərlə bağlı qəbul etdiyi qərarında bəzi müddəalar ləğv edilməlidir.
Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Elman Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
E.Məmmədov bildirib ki, Azərbaycanda məcburi köçkünlərə dövlət başçısı tərəfindən hər zaman yüksək diqqət və qayğının göstərildiyini deyib:
“Ölkə başçısı bütün çıxışlarında bildirib ki, məcburi köçkünlərə, şəhid ailələrinə, əlillərə diqqətlə yanaşmaq lazımdır. Hökumət də bu sahədə dövlət başçısının qarşıya qoyduğu vəzifələri icra edir və etməyə çalışır. Amma bəzən kimlərinsə mövqeyi nəticəsində elə qərarlar verilir ki, bu, məcburi köçkünlər statusuna malik olan bir qrup insanın yolunun bağlanmasına gətirib çıxarır.
Məsələn, mən Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli qərarını diqqətinizə çatdırıram. Bu qərarda müavinətlərin ödənilməsi qaydası öz əksini tapıb. İstəyirəm ki, hökumət üzvləri məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə müavinət verilməməsini nəzərdə tutan qərara diqqət yetirsinlər. Bu, ziddiyyət təşkil edir.
Digər bir bənddə isə qeyd edilib ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan birinə ərə gedibsə, onlardan olan uşağa müavinət verilmir. Bu, hansı məntiqə sığır? Mən müvafiq dövlət qurumlarını bu məsələyə diqqət yetirməyə çağırıram”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin