Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcmadan Blinkenin müavininə cavab: Sülhə mane olur!

İcmadan Blinkenin müavininə cavab: Sülhə mane olur!

Tarix: 2 Avqust 2024 16:30

Qərbi Azərbaycan İcması ABŞ-dan insan hüquqları məsələsində nümayiş etdirdiyi etnik və dini ayrı-seçkiliyə son qoymağı tələb edir və Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna hörmət etməyə çağırır.

Bu barədə Sonxeber.net-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Belə ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin əsas müavini Yuri Kim Karneqi Sülh Fondunun təşkilatçılığı ilə ötən həftə keçirilmiş "Cənubi Qafqazda yeni regional nizam üçün ABŞ-nin rolu" adlı tədbirdə qayıdış hüququ məsələsində yanlış mövqedən çıxış edib və azərbaycanlılara qarşı ayrı-seçkiliyə yol verib.

Yuri Kim Azərbaycanın Qarabağ bölgəsindən könüllü şəkildə köçüb getmiş ermənilərin qayıdış hüququ haqqında danışdığı halda, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ barəsində bir kəlmə də deməyib.

İcma bildirib ki, bu, etnik və dini əsasda azərbaycanlılara qarşı ayrı-seçkilikdir. ABŞ rəsminin bu mövqeyi insanların hüquq bərabərliyi prinsipinə ziddir və bölgədə sülh və barışığa mane olur.

Xatırladaq ki, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququ məsələsi barədə Qərbi Azərbaycan İcmasının ötən ilin aprel ayında ABŞ-nin Dövlət katibi Entoni Blinkenə göndərdiyi məktub hələ də cavabsız qalıb.

Qərbi Azərbaycan İcması beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha bəyan etməklə, Ermənistandan zorla qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin olunması və onların dağıdılmış mədəni irsinin bərpası məqsədi uğrunda əzmlə davam edəcəyini bildirib.


Etiketlər:  İcmadan Blinkenin müavininə cavab Sülhə mane olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ