Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Avqust 2024 10:46
Şahzadə Harri və Meqan Marklın Kolumbiyaya dörd günlük turu zamanı təhlükəsizliyin təmin edilməsi ölkə büdcəsinə xeyli baha başa gəlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" yazır.
Şahzadə Harri və Meqan Marklı Kolumbiyanın vitse-prezidenti Fransiya Markes dəvət edib. Jurnalistlər Britaniya kralının kiçik oğlu Harri və onun həyat yoldaşının təhlükəsizliyinin 8 milyard pesoya (təxminən 2 milyon dollar) başa gəldiyini qeyd ediblər.
Təhlükəsizlik xərcləri gündə 488 min dollardan bir qədər çox olub. Bunlara 3 min polis və hərbçinin, o cümlədən vertolyotların, xidməti itlərin, bomba zərərsizləşdirilməsi bölmələrinin və snayper hücumunun qarşısını almaq üçün gülləkeçirməz qalxanlı daimi mühafizənin yerləşdirilməsi daxildir.
"Ölkə bu səfərin təhlükəsizliyi üçün demək olar ki, 2 milyon ABŞ dolları ödəyib, lakin aclıqdan əziyyət çəkən və əsas ehtiyaclarını ödəmək imkanı olmayan çox sayda kolumbiyalı var... Biz iqtisadi böhran içindəyik və Harri və Meqanın səfəri üçün 8 milyard peso xərclənib, Kolumbiyanın hərbi təyyarələri və helikopterlərindən istifadə edilib, amma bu pullar daha faydalı şəkildə xərclənə bilərdi... Biz pis vəziyyətdəyik və bunun üçün pullar havaya sovrulur", - Kolumbiyalı məmur Andres Eskobar nəşrə verdiyi müsahibədə bildirib.
Xatırladaq ki, avqustun 2-də Şahzadə Harri və Meqan Marklın riskli səyahətə gedəcəkləri xəbəri yayılmışdı.