Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2025 10:12
Xəbər verdiyimiz kimi, Bakının Şəmsi Bədəlbəyli küçəsində yerləşən velosiped zolaqlarının kənarına quraşdırılan baryerlər yararsız hala salınaraq, ətrafa səpələnib. Bu baryerlər minik avtomobillərinin və avtobusların velosiped zolağına daxil olmasının qarşısını almaq üçün müxtəlif küçə və prospektlərdə quraşdırılıb.
Bəs bu baryerlər küçələrə niyə səpələnib?
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sonxeber.net-a bildirildi ki, müşahidələr onu deməyə əsas verir ki, sözügedən baryerlər qoparılaraq kənara atılıb. Bu hüquqazidd əməllər obyektlərin qarşısında avtomobillərini saxlamaq istəyənlər, xüsusən axşam saatlarında velosiped zolağında parklanma zonaları yaradaraq qanunsuz ödəniş alanlar, bəzi hallarda isə ərazidə yaşayan sakinlər tərəfindən törədilir.
Məlumatda qeyd olunur ki, avtomobillərlə bağlı yarana biləcək münaqişəli məsələlərin aradan qaldırılması üçün mikromobillik zolaqları boyunca təhlükəsizlik sədləri quraşdırılır:
"Müxtəlif zamanlarda nəqliyyat vasitələrinin təsiri nəticəsində bu sədlər zədələnir, bəzi hallarda isə müxtəlif şəxslər tərəfindən məqsədli şəkildə yol səthindən qopardılaraq kənara atılır. Dövlət əmlakına ziyanın vurulması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət də olunur.
Qeyd edək ki, bu sədlər zədəyə davamlı materialdan hazırlandığından təkrarən yerlərinə bərkidilir".