Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc ailələr buna görə dağılır

Gənc ailələr buna görə dağılır

Tarix: 20 Yanvar 2025 17:46

Azərbaycanda son illərdə ailə institutunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistikaya əsasən, ölkədə evlənənlərin sayı azalmağa, boşanmaların sayı isə artmağa davam edir. Bu tendensiya həm cəmiyyətdə ailə münasibətlərinə yanaşmanın dəyişməsi, həm də iqtisadi və sosial faktorlarla əlaqələndirilir.

Gənclərin ailə qurmağa marağının azalması, maddi çətinliklər, müasir həyat tərzinin yaratdığı təzyiqlər və sosial norma dəyişikliyi bu göstəricilərin əsas səbəbləri arasında göstərilir. Məsələ yalnız fərdlərin şəxsi həyatına deyil, bütövlükdə cəmiyyətin sosial və demoqrafik strukturuna da təsir edir.

Sonxeber.net xəbər verir ki, "Yeni Sabah"la məsələni müzakirə edən psixoloq Kənan Rəhimov öz fikirlərini oxucularımızla bölüşüb.

Ekspert problemin kökündəki əsas səbəbin nə olduğuna da toxunub:

"İki insan ailə qurursa, burada ilk olaraq, motivlər araşdırılmalıdır. Motivlər cəmiyyətdə xaotik idarə olunur. İnsanların ailə qurmaqda bir neçə səbəbi ola bilər. Bura iqtisadi cəhətdən ictimai qınaqdan qaçmaq niyyətinə qədər səbəbləri sadalamaq olar. Çoxları ailə qurmağın məsuliyyətini dərk etmədən bu yola çıxmaq qərarına gəlir.

Dünya praktikası da göstərir ki, yetkin insanlar evlənmədən əvvəl ailə qurmağı hüquqi, sosial, iqtisadi sferadan araşdırmalı, məişət problemləri yarananda belə situasiyalardakı həll etmə yollarına nəzər salmalıdır. Cütlüklər arasında psixoloji uyğunsuzluq olub-olmadığını öncədən müəyyənləşdirmək lazımdır. Bu uyum yoxdursa, ailə münasibətlərinə zərbə vuracaq qədər böyük problemlər ortaya çıxır.

İnsanlar ünsiyyət qurmağı praktik bacarıq formasında heç bir yerdə öyrənmirlər. Orta məktəb daha çox fənləri öyrədilməsinə fokuslanır. Amma bütün bunlar insanların ünsiyyət bacarıqlarını artırmır Çünki burada müəyyən basqı var. Şagirdlər 6 saat ərzində danışmamalıdırlar. Belə olduqda isə, insan özünü təzyiq altında hiss edir və ünsiyyət qurmaqdan çox qurmamağı öyrənir. Universitetdə də oxşar vəziyyətdir. Tələbələr məktəbdə öyrəndiklərini burada təkminləşdirməyə çalışır. Bununla da, ünsiyyət qurmaq üçün əlverişli şəraitləri olmur. 

Beləliklə də, heç bir ünsiyyət bacarığı olmayan, yalnız ailə üzvləri ilə müəyyən ehtiyacları müqabilində ümumi təmasda olan insanları cəmiyyətə qazandırmış oluruq. Yeni insanlarla əlaqə yaratmaq, uzunmüddətli münasibətlər qurmağın ailə üzvləri ilə ünsiyyətdən fərqli mənada olduğunu dərk edə bilməyənlər çoxdur. Bu təbii ki, böyük bir problemdir. Ona görə də insanlar ailə münasibətlərində ciddi münaqişələr yaşayırlar". 

Psixoloq qeyd edib ki, bütün bunlarla yanaşı insanlar arasında şəxsiyyət pozğunluğu problemlərinə də tez-tez rast gəlinir:

"Bu, davranış pozuntusu da adlanır. Ünsiyyət qura bilməməkdən əmələ gəlir. Ailə münasibətlərində kommunikasiya və təfəkkür problemləri böyük münaqişələrin meydana çıxmasına şərait yaradır. Beləliklə, ailələrin dağılması qaçılmaz olur. Əksər boşanma qərarı verən şəxslərin ortaq problemi bir-birinə dözə bilməməkdən irəli gəlir. Boşanmaya gətirib çıxaran səbəb rəsmi nikahla əlaqəli deyil.

Əsas məsələ iki insanın ünsiyyət bacarığı və davranışları ilə əlaqəlidir. İnsanlar özlərindən qaynaqlanan səbəbləri görə bilmədikləri üçün boşanmalar da artmağa davam edir. İkinci dəfə ailə qurmaq isə həm ictimai cəhətdən qınaq olduğu üçün yeni problemlər və basqılar ortaya çıxır. Eyni zamanda psixoloji cəhətdən stres yaşayan adam növbəti dəfə eyni faciəni yaşayacağını düşündüyü üçün ailə qurmaqdan çəkinir".


Etiketlər:  Gənc ailələr buna görə dağılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ