Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəhənglər Ukrayna və dünyanı necə böləcək? - “İlk hədəf Azərbaycan olacaq”

Nəhənglər Ukrayna və dünyanı necə böləcək? - “İlk hədəf Azərbaycan olacaq”

Tarix: 17 Fevral 2025 23:57

Sonxeber.net siyasi şərhçi Oqtay Qasımovun "Yeni Sabah"a müsahibəsini təqdim edir:

- Sabah Səudiyyə Ərəbistanında Tramp-Putin görüşünün keçirilməsi gözlənilir. Ukrayna nizamlanmasının nəticəsi, sizcə, nədən ibarət olacaq?

- Nəticələr barədə indidən fikir bildirmək çətindir. Çünki bu görüşün nəticələri daha çox Rusiya prezidentinin davranışlarından asılı olacaq. Hazırkı mərhələyə qədər belə görüntü var ki, hər şey Rusiya liderinin istəyi fonunda davam etməkdədir və ABŞ prezidenti bu prosesdə Rusiyaya ciddi güzəştlərin edilməsinin tərəfdarı kimi görünür. Amma bütün hallarda biz indiyə qədər bu savaşla bağlı Trampın və onun komanda üzvlərinin fərqli, bəzən sərt, bəzən yumşaq bəyanatlarının şahidi olmuşuq. Bu baxımdan indidən qəti fikir söyləmək olmaz. 

Son məlumatlara inansaq, o nəticəyə gəlmək olar ki, Tramp və onun komandası Rusiyanın işğal etdiyi ərazilərdə qalmasına etiraz etməyəcək və Ukraynanın ərazi bütövlüyü faktiki pozulmuş halda qalacaq. 

- Rusiyanın işğal etdiyi ərazilərinin status almasına imkan veriləcəkmi? 

- Düşünürəm ki, bu çox ciddi məsələdir və ABŞ belə bir addıma getməyəcək. Kifayət qədər ziddiyyətli məqamlar var. Bir tərəfdən, Tramp bu savaşın necə olursa-olsun bitməsinin tərəfdarı kimi görünür, digər tərəfdən, Amerika silahlarının Ukraynaya göndərilməsində heç bir problem olmadığını bildirir.

- Ukraynanın iştirakı olmadan onun taleyi barədə qərar verilməsinə münasibətiniz necədir?

- Zelenski, o cümlədən Avropa İttifaqının bir çox liderləri Ukraynasız onun arxasında aparılan danışıqların hansısa bir nəticə verməyəcəyini və bunun əleyhinə olduqlarını söyləyiblər. Amma həm Amerika dövlət katibi Marko Rubio prezident də Zelenskinin və Ukrayna nümayəndələrinin bu görüşdə iştirakına müsbət yanaşdığını bildirib. 

Hazırda Ukrayna nümayəndələri də Səudiyyə Ərəbistanının paytaxtına səfər edib. Təbii ki, Ukraynanın iştirakı olmadan onun taleyi barədə danışıqlar aparılması həm beynəlxalq hüquqa ziddir, həm də ədalətsiz yanaşma ola bilər və ən əsası davamlı sülhə gətirib çıxara bilməz. 

Düşünmürəm ki, Rusiyanın iddialarını tam şəkildə təmin etməklə həm Amerika, həm də NATO-nun Rusiyaya məğlub olduğu kimi bir görüntünün yaranmasına razı olsunlar.

- Bir tərəfdən, işğalçı, təcavüzkar Rusiya, o biri tərəfdən, ondan heç də geri qalmayan, Qrelandiya, Kanada, Meksika, hətta Qəzzaya tamah salan Donald Tramp Amerikası. Bu cütlüyün qərarından ədalət gözləmək olarmı?

- 30 il haqsızlıqlara məruz qalan bir ölkə olaraq, Azərbaycan cəmiyyəti ədalətin nədən ibarət olduğunu çox yaxşı bilir. Ukraynanın özündə də belə illüziyalar yoxdur ki, Amerika, yaxud Rusiya onun məsələsini ədalətli şəkildə və beynəlxalq hüquqa uyğun olaraq həll edəcək. Belə bir gözlənti əsla yoxdur. Hər iki ölkənin tarixi soyqırımlar, işğallar, cinayətlər və etnik təmizləmələrlə zəngindir. Onlar tərəfindən ikilikdə hər hansı formada qərar veriləcəksə, həmin müzakirələrdən ədalətli qərar çıxmasını gözləmirəm.

- İki dövlətin dünyanı yenidən nüfuz dairələrinə bölmək istəyi Azərbaycana necə təsir edəcək?

- Keçmiş postsovet məkanını onların təsir zonası kimi qəbul edərlərsə, bu, keçmiş postsovet məkanı, o cümlədən Azərbaycan üçün də heç də xoş günlər vəd etmir. Əslində, Rusiya-Ukrayna müharibəsi başlayandan mən həmişə o fikirdə olmuşam ki, Rusiya Ukraynada iddialarını təmin edib qalib gələrsə, o zaman keçmiş postsovet məkanı içərisində ilk hədəf Azərbaycan olacaq. Çünki Azərbaycan təhlükəsizlik sistemini Qərb standartlarında qurmuş bir ölkədir.

Rusiya isə bu tipli addımlardan xoşlanmır. O hesab edir ki, keçmiş postsovet məkanı ən azı 15 müttəfiq sayılan "respublika"ın 12-də Rusiyanın müdafiə və təhlükəsizlik sistemi mövcud olmalıdır və bunlar Rusiyaya bağlı qalmalıdırlar. Standartlar isə Rusiyadan təmin olunmalıdır. Azərbaycanda bu proses Türkiyə ordusunun standartları əsasında qurulub-başa çatdırılıb. O, baxımdan Rusiyanın ilk hədəf seçəcəyi dövlətlərdən biri Azərbaycandır. 

Ancaq burada bir nüans var. Cənubi Qafqazda Azərbaycan yeni reallıqlar yaratmış və faktiki olaraq lider ölkə mövqeyində, aktiv beynəlxalq oyunçu statusundadır. Ən önəmlisi isə Azərbaycan Türkiyə ilə strateji müttəfiq münasibətlərinə malik bir ölkədir. Həmçinin, Pakistan və İsraillə bizim çox strateji tərəfdaşlığımız var. Rusiya təbii ki, bütün bunları məmnunluqla qəbul etmir. 

Hazırda Azərbaycanla Rusiya arasında yaşanan gərginliklərin üzdə olan səbəbi təyyarə qəzasıdır. Ancaq dərin qatlarda məhz bu səbəblər dayanır. Rusiyanın şovinist qüvvələri Azərbaycanın öz gücünə bütün bunları edə bilməsini anlamaqda çətinlik çəkirlər. Problemlər də elə məhz bundan qaynaqlanır. Rusiya, əlbəttə, Azərbaycanı təsir zonasında saxlamağa çalışa bilər, amma buna nail olması haqda çox ciddi şübhələr var.


Etiketlər:  Nəhənglər Ukrayna dünyanı necə böləcək İlk hədəf Azərbaycan olacaq


RƏYLƏR