Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Mart 2025 14:44
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
Sonxeber.net xəbər verir ki, qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səylə çalışırlar.
Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir. Təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.