Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2025 18:48
Ötən gün axşam saatlarında Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni - 56 yaşlı atası Məcnun, 52 yaşlı anası Gülnaz Ağayeva dəm qazından zəhərlənərək vəfat edib.
Sonxeber.net teleqraf-a istinadla xəbər verir ki, bu gün hər iki mərhumun cənazəsi onların qohumlarının, yaxınlarının müşayiəti ilə yaşadıqları evdən götürülərək dəfn olunub.
Ağayevlər ailəsi dörd nəfərdən ibarət olub.
Ötəngünkü faciədən sonra ailədə bir nəfər sağ qalıb, o da şəhidimizin əkiz qardaşı.
Dəfndə iştirak edən yaxınları ailənin sağ qalan yeganə üzvü - şəhidin qardaşının xəstə olmadığını açıqlayıblar.
"Şəhidin anası xəstəxanada işləyirdi, amma atası işsiziydi. Mərhumların yaşa görə xəstəlikləri vardı. Amma sağ qalan oğulları, yəni şəhid Vahidin əkiz qardaşı, deyilənlərin əksinə, sağlam insandır", - şəhidin bibisi oğlu Alişan Qədirli bildirib.
Respublika Qadınlar Cəmiyyətində həssas təbəqələrlə iş departamentinin müdiri, Maştağa sakini Vəfa Hüseynova açıqlamasında şəhid qardaşını himayə etməkçün əllərindən gələni edəcəklərinə söz verib.
Qeyd edək ki, şəhid Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Maştağa qəsəbəsində anadan olub. Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Vahid subaymış.