Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2025 22:48
Son günlər sosial şəbəkə platformalarında şadlıq evlərində POS-terminalların quraşdırılmaması və ödəniş zamanı qəbz təqdim edilməməsi ilə bağlı narazı fikirlər səsləndirilir. İstifadəçilər eyni halın gözəllik salonları, mehmanxanalar və digər xidmət obyektlərində də müşahidə olunduğunu bildirirlər. Bu isə sual doğurur: hansı obyektlərdə POS-terminal quraşdırılması və müştəriyə qəbz təqdim edilməsi məcburidir?
Oxu.Az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlayıb.
Xidmətdən bildirilib ki, dövriyyəsindən və yerləşdiyi ərazidən asılı olmayaraq, bir sıra təsərrüfat subyektləri üçün POS-terminalların quraşdırılması məcburi hesab olunur:
"Nazirlər Kabinetinin "POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları"na əsasən, bu obyektlərə ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə məkanları, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, nəqliyyatda (hava, su, dəmir yolu və avtomobil) biletlərin satış məntəqələri, turizm şirkətləri daxildir".
Qurumdan, həmçinin bildirilib ki, rüb üzrə ortaaylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, hüquqi və fiziki şəxslərə məxsus taksi ilə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri, eləcə də vergilərin və digər dövlət rüsumlarının ödənişini qəbul edən dövlət orqanları da siyahıya daxil edilib.
Qeyd olunub ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılmaması və ya quraşdırılmış terminallarda nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə aşağıdakı maliyyə sanksiyaları tətbiq edilir:
"Təqvim ili ərzində ilk pozuntu halında - 1 000 manat, ikinci dəfə - 3 000 manat, üç və daha çox pozuntu halında isə - 6 000 manat cərimə nəzərdə tutulub".
"Dövlət Vergi Xidməti sahibkarları qanunvericiliyin tələblərinə əməl etməyə çağırır", - deyə məlumatda qeyd olunub.