Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2019 13:48
Bakı. İlhamə İsabalayeva -Trend:
Vəkillər məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkili layihəsinə könüllü olaraq qoşulacaqlar.
Trend-in məlumatına görə, bunu Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardımın təşkilinə dair üçtərəfli anlaşma memorandumun imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, memorandum çərçivəsində Vəkillər Kollegiyası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT ilə birgə bir sıra silsilə tədbirlərin görülməsi nəzərdə tutulur. Bu tədbirlər vəkillərin bu sahədə biliklərinin artırılması, vəkillərin məişət zorakılığı qurbanlarına hüquqi yardımın göstərilməsi üzrə xüsusi təlimlərin, treninqlərin təşkilidir: "Vəkillər Kollegiyası olaraq, bu məsələ ilə bağlı vəkillər arasında seçim keçirəcəyik. Vəkillər könüllülük əsasında bu layihəyə qoşulacaqlar və beləliklə bu sahədə ixtisaslaşmış vəkillərlə fəaliyyət göstərəcəklər. Beləliklə, respublikada məişət zorakılığından zərərçəkmiş şəxslərə daha da keyfiyyətli hüquqi yardım göstəriləcək".
Vəkillərin həm də psixoloq olmasını vacib sayan A.Bağırov əlavə edib ki, vəkillər qurbanların, zərərçəkmiş şəxslərin hisslərini daha yaxından duymalıdırlar. Hesab edirim ki, vəkillər bu sahədə daha da dərin biliklərə nail olmalıdırlar:
"Bizim vəkillərimiz bu günə qədər bu sahədə olan problemlər üzrə lazımi olan hüquqi yardımı göstəriblər. Lakin biz bunu daha da kompleks şəkildə olan bir fəaliyyət kimi görürük. Əminəm ki, 3 qurum birgə əməkdaşlıq nəticəsində bu işi keyfiyyətcə daha yaxşı səviyyəyə qaldıra biləcək" .
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin