Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2019 11:15
Bakı. Trend:
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov (Əzim) 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərində ezamiyyətdə olub.
Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.
Trend-in məlumatına görə, fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.
Orxan Əzimov bildirir ki, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqrafın sözlərinə görə, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.
Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.
Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.
Qeyd edək ki, “Mədəniyyət” qəzetinin fotomüxbirinin Hələb şəhərinə səfəri zamanı “Nəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin Mədəniyyət Nazirliyi tərəfindən yaxın günlərdə sərgisi təşkil ediləcək.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və Azərbaycanın böyük və şair mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin