Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2019 06:55
Bakı. Trend:
Azərbaycanda ilk dəfə olaraq keçirilən “Azərbaycan vokalçıları” festivalının təntənəli açılış mərasimi baş tutub.
Trend-in məlumatına görə, əvvəlcə festival səhər saatlarında Fəxri Xiyabanın ziyarəti ilə gününü açıq elan edib.
Mədəniyyət Kanalının direktoru, festivalın ideya müəllifi və bədii rəhbəri Ramil Qasımov, AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi və musiqi ictiamiyyəti, həmçinin festivalın yaradıcı kollektivi əbədiyaşarları bir daha yad etdilər.
Daha sonra Beynəlxalq Muğam Mərkəzində festivalın açılışına həsr olunmuş Elmi-praktiki konfrans keçirildi. Konfransda Ramil Qasımov, xalq artistləri Xuraman Qasımova, Murad Hüseynov, əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə çıxış edərək vokal sənətinin incəliklərindən danışdı. Keçirilən bu festivalın vokal janrına çox mühüm töhfə olacağını vurğuladılar. Daha sonra konfransda iştirak edən məruzəçilər öz tədqiqatlarını auditoriyaya təqdim etdilər.
Festivalın təntənəli açılış mərasimi 17 dekabr Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutdu. Əvvəlcə festivalın ideya müəllifi və bədii rəhbəri, Mədəniyyət Kanalının direktoru Ramil Qasımov çıxış edərək Azərbaycan vokal sənəti haqqında danışdı: “Azərbaycan musiqi mədəniyyəti dərin köklərə bağlıdır, zəngin xəzinəsi əsrlərlə cilalanmış, bugünümüzə gəlib çıxmışdır. Azərbaycan klassik vokal sənəti də mədəniyyətimizin ayrılmaz tərkib hissəsidir. Təməli böyük ifaçımız, adını tarixə yazan Bülbül tərəfindən qoyulan bu sənət bu gün də dünyanın müxtəlif yerlərində tanınmış vokalçılar tərəfindən təmsil və təbliğ olunur.
Görkəmli müğənnimiz Bülbül Şərq və Qərb mədəniyyətini – klassik oxuma və milli vokal üslubunu sintez edərək unikal bir sənət nümunəsi yaratmışdır. Daha sonra Azərbaycan vokal janrında səsləri heç zaman unudulmayan ifaçı dalğası əmələ gəldi. Əlbəttə ki, biz hamımız belə zəngin mədəniyyətlə yalnız fəxr edə bilərik. Çünki, bu gün yetişməkdə olan gənc nəsil həmin klassikləri dinləyərək nələrisə öyrənir, mənimsəyir.»
Ramil Qasımov həmçinin ölkə rəhbərliyinin musiqi mədəniyyətinə göstərdiyi diqqət və qayğını xüsusilə vurğuladı.
“Əlbəttə ki, bütün bunlar, belə bir təşəbbüsün yaranması dövlətimizin mədəniyyət xadimlərinə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, biz də böyük həvəslə bu işin məsuliyyətini öz üzərimizdə daşımaqdan qürur duyuruq. İdeyalarımızın realaşması üçün dövlətimizin dəstəyi olmasa bu kimi layihələri həyata keçirmək mümkünsüz olardı. Bildiyimiz kimi, Heydər Əliyev Fondu və şəxsən ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva mədəni layihələrə xüsusi önəm verir və onları hər zaman diqqət mərkəzində saxlayır. Mədəniyyətlərarası daialoq forumları, irimiqyaslı festivalların və müxtəlif səpkili tədbirlərin mütəmadi şəkildə keçirilməsi bunun bariz göstəricisidir. Məhz bu diqqət və qayğı bizi ruhlandırıb, hazırkı festivalın gerçəkləşdirilməsinə zəmin yaratdı. Fürsətdən istifadə edib festivalda iştirak edən yaradıcı kollektivə və bütün iştrakçılara uğurlar arzu edirik.»
Daha sonra festivalın bədii hissəsinə keçid alındı. Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifasında müxtəlif janrlı əsərlər ifa olundu.
Bu gündən etibarən festival çərçivəsində Azərbaycan və dünya klassik musiqi incilərinin nümunələri ölkəmizin müxtəlif musiqi kollektivlərinin müşayiəti ilə müxtəlif şəhər və regionların mədəniyyət ocaqlarında tanınmış Azərbaycan vokalçıları, eləcə də istedadlı gənclərin ifasında təqdim olunacaq.
İnformasiya dəstəyi– Trend.az, Day.az, Milli.az.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin