Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2019 17:28
İllərdir qadağan olunmasına baxmayaq, qaçaq yolla ölkəyə gətirilən pirotexniki məhsullar açıq formada alıcılara təklif olunur.
Sonxeber.net bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.
Sakin: "Şəhərdə hal-hazırda bayram ərəfəsidir. Çox yerlərdə var".
Sakin: "Qəfil partlayış olanda, təbii ki, diksinmələr olur".
Əsasən, uşaqlar tərəfindən istifadə olunan "partladanlar" olduqca təhlükəlidir. Üstəlik, ölkəyə qanunsuz yolla gətirildiyindən mənşə sertifikatı olmur, təhükəsizliyinə zəmanət yoxdur, istehsalçı şirkət və ölkə naməlumdur. Bu isə təhlükəni daha da böyüdür.
Elmar Nurəliyev - Təhlükəsizlik Eksperti: "Bu cür vasitələr ölkəyə qeyri-qanuni yollarla gətirildiyi üçün onların hansı təhlükəsizlik göstəriciləri olmadığı üçün istifadəsi insanlar üçün olduqca təhlükəlidir".
Pirotexniki məhsullar Azərbaycanda mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar siyahısına daxil edilib. Bu məhsulların satışı ilə məşğul olanlar üçün inzibati məsuliyyət nəzərdə tutulub. Lakin işin ağırlığına görə bu cinayət məsuliyyətinə də çevrilə bilər.
Siracəddin Kərimov - Hüquqşünas: "Metropolitenlərdə pirotexniki vasitələrdən istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 306-cı maddəsinə əsasən 50 manat pul cəriməsi nəzərdə tutulur. Cinayət məcəlləsinin 224-cü maddəsində tez alışan pirotexniki və partlayıcı maddələrin daşınması uçotu və saxlanması və s. qaydalarının pozulması ağır nəticələrə səbəb olur.
Xatırladaq ki, keçən il də pirotexniki vasitələrdən düzgün istifadə etməməyə görə 5 nəfər uşaq xəsarət alıb. Onlardan 2 nəfərində yanıq xəsarəti, 3 nəfərində travma müşahidə edilib. Elə bu hadisələrdən dərs alaraq həm özümüzü, həm də uşaqlarımızı bu cür maddələrdən uzaq tutsaq, yeni ili qan-qaraçılıqla yox, xoş əhval-ruhiyyə ilə qarşılamış olarıq.