Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2019 18:12
Bakı. Elçin Mehdiyev – Trend:
Ölkəmizdə mühüm beynəlxalq tədbirlərin keçirildiyi ərəfədə Qərbdəki ənənəvi anti-Azərbaycan dairələr həmişə qarayaxma kampaniyasına başlayırlar və UEFA Avropa Liqasının final matçının ölkəmizdə keçirilməsi ərəfəsində də növbəti çirkin kampaniyanın başlaması heç də təsadüfi deyil.
Bunu Trend-ə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, Azərbaycan ictimaiyyəti müəyyən xarici anti-Azərbaycan dairələrin mühüm tədbirlər ərəfəsində ölkəmizə qarşı belə qərəzli kampaniyalar təşkil etməsinin dəfələrlə şahidi olub.
N.Məhəməliyevin sözlərinə görə, bu cür tədbirlər ərəfəsində belə qüvvələrin baş qaldırması hansısa siyasi məqsədlər güdür:
"Birincisi, daxildə olan anti-milli qüvvələr belə tədbirlərdən istifadə edib özlərinə diqqət cəlb etməyə çalışırlar. İkincisi, güclü dövlətlərin Azərbaycanın inkişafını gözü götürməyən bəzi nümayəndələri ölkəmizdə hər hansı bir iqtisadi və ya siyasi maraqlarını təmin edə bilmədikləri üçün bu vasitə ilə təzyiq göstərmək istəyirlər. Hesab edirəm ki, bu cəhdlər həmişə olduğu kimi boşa çıxacaq, çünki onların iddiaları tamamilə əsassızdır".
Deputat vurğulayıb ki, bəzi dairələr insan hüquqları, qanunun aliliyi məsələsini qabardırlar. Lakin Azərbaycan dəfələrlə sübut edib ki, bu iddiaların heç bir əsası yoxdur. Qərb ölkələrinin özündə belə hallar kifayət qədərdir:
"İddia olunur ki, viza rejimi problem yaradır. Ancaq sadələşdirilmiş viza rejimi bu iddiaları tam təkzib edir və hər bir xarici vətəndaşa çox asan şəkildə viza almasına şərait yaradır. Otellərin baha olması barədə söylənilənlər də həqiqiəti əks etdirmir. Bakıda 20-30 dollardan başlayaraq otellər on minlərlə idman azarkeşini qəbul etməyə hazırdır. Bütün bu əsassız iddialar sübut edir ki, xaricdəki maraqlı dairələr Azərbaycanın dünyada nüfuzunun artmasından, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahatdırlar".
N.Məhəməliyev əlavə edib ki, Azərbaycan bu günə qədər çoxlu sayda mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi edib və bütün tədbirlər yüksək səviyyədə keçirilib:
"Ölkəmiz bu cür tədbirlərə ev sahibliyi etməkdə böyük təcrübə qazanıb, hətta digər dövlətlər də Azərbaycanın bu sahədə olan təcrübəsindən yararlanır. "Eurovision" mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, Formula 1 Qran Prisi, İslam Həmrəyliyi Oyunları və digər bu kimi beynəlxalq tədbirlərin ölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada nüfuzunu xeyli gücləndirib. Bir sözlə, ölkəmiz sözdə deyil, əməldə özünü sübut edib. Yəni Azərbyacan əvvəlki dövrdə də sübut edib ki, istənilən beynəlxalq tədbiri ən yüksək səviyyədə təşkil etməyə qadirdir. Əminəm ki, UEFA Avropa Liqasının final yarışı da çox yüksək səviyyədə keçiriləcək, təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin ediləcək və Avropa tamaşaçıları Azərbaycan reallıqlarını görəcəklər".
Deputat əmin olduğunu bildirib ki, anti-Azərbaycan dairələr həmişə olduğu kimi bu dəfə də heç nəyə nail ola bilməyəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin