Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2019 09:06
İtaliyanın nüfuzlu "Corriere della Sera" qəzetinin populyar "Io Donna" jurnalında "Azərbaycanın paytaxtı Bakıya səyahət. Avrasiya məkanında səyahət etmək üçün ən heyrətamiz istiqamət" sərlövhəli məqalə dərc edilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, paytaxt Bakının turizm imkanlarından bəhs edən məqalənin müəllifi italyan jurnalist Gianna Testadır.
Yazıda Bakıda müasir göydələnlərin, qədim qalaların, tarixi abidələrin olduğu bildirilir. Qeyd edilir ki, tarixini qoruyaraq daima dəyişməkdə olan Bakıda gəzərkən özünü ilk baxışda sanki bir yandan Paris bulvarında, digər yandan isə orta əsrlərə məxsus qədim şəhərin əhatəsində müxtəlif üslubları özündə əks etdirən bir harmoniyanın içində hiss edirsən. Burada turistlərin sevimli məkanlarından olan Dənizkənarı Milli Parkda müasir əyləncə mərkəzlərindən tutmuş möhtəşəm mənzərəli restoranlara, konfortlu otellərə, alış-veriş mərkəzlərinə qədər geniş imkanlar mövcuddur. Müəllifin fikrincə, "Alov qüllələri" kompleksi, heyrətamiz Heydər Əliyev Mərkəzi kimi möhtəşəm memarlıq layihələri ilə görünüşünə yeni imic verən Bakı daim inkişaf etməkdədir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin ahəngini özündə əks etdirən Bakı gözləri qamaşdıran məxsusi bir turizm istiqaməti olaraq diqqəti cəlb edir.
Məqalədə qədimlik ilə müasirliyin vəhdətindən bəhs olunur, bunun bariz nümunəsi olan Azərbaycan Milli Xalça Muzeyindən söz açılır, bu möhtəşəm muzeyin fondunda 10 minə yaxın qədim eksponatın saxlanıldığı bildirilir. Bununla yanaşı, Bakıda bu kimi bir çox görməli yerlərin olduğu vurğulanır, bu xüsusda Tarix Muzeyinin, turistləri tarixi səyahətə aparan Hacı Zeynalabdin Tağıyevin ev muzeyinin, ekspozisiyası XX əsr azərbaycanlı və xarici rəssamların əsərlərindən ibarət olan Müasir İncəsənət Muzeyinin adları çəkilir.