Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir

Yana Batırşina: Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir

Tarix: 13 May 2019 18:08

Bakı. Cani Babayeva - Trend:

Keçmiş rusiyalı gimnast, 1996-cı il Olimpiya çempionu Yana Batırşina bu il 16-22 sentyabr tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının səfiridir.

Trend-ə müsahibəsində Y.Batırşina səfir qismində qarşıda duran vəzifələrdən, Bakıya səfərindən danışıb.

Keçmiş gimnastın sözlərinə görə, o, mayın 16-19-da Bakıda bədii gimnastika üzrə Avropa çempionatını böyük məmnuniyyətlə izləyəcək:

“Bu, dünya çempionatından əvvəl son böyük turnirdir. Mənə elə gəlir ki, bizi çox maraqlı yarışlar gözləyir. Bu gün rəqabət çox böyükdür”.

Dünya çempionatının səfiri qismində missiyasından danışan Y.Batırşina qeyd edib ki, yarışlar onun sevimli şəhərində keçiriləcək:

“Mən səfir olmağım barədə rəsmi təsdiqi alanda orada qeyd olunmuşdu ki, mənim əsas məqsədim gimnastikanın populyarlaşdırılması, qaliblərin mükafatlandırılmasıdır. Amma bundan başqa, gənc gimnastlarla görüşlər, ustad dərsləri, xeyriyyə aksiyaları təşkil olunacaq. Ümid edirəm ki, mən Bakıdakı dünya çempionatının layiqli səfiri olacağam”.

Azərbaycan Gimnastika Federasiyasının (AGF) fəaliyyətindən danışan gimnast xatırladıb ki, 2018-ci ilin yekunlarına əsasən AGF Beynəlxalq Gimnastika Federasiyasının reytinqində birinci yerdə qərarlaşıb:

“Fikrimcə bu, böyük göstəricidir və tam layiqlidir. Əlbəttə, bu onu göstərir ki, AGF ən yüksək səviyyədə işləyir”.

O qeyd edib ki, Bakıda Yana Batırşina mükafatları uğrunda bədii gimnastika üzrə açıq turnir keçirməyi planlaşdırır. Bu turnir altı il Moskvada keçirilib, 2019-cu ildə isə bu yarışı Bakıda keçirmək nəzərdə tutulur:

“Turniri Bakıda keçirmək fikri yaranıb. Ümid edirəm ki, bu, birdəfəlik yox, daimi turnir olacaq. Mən böyük sevinclə buraya gəlirəm. Ona görə ümid edirəm ki, turnir Bakıda davamlı olacaq”.

Y.Batırşina həmçinin Bakını çox sevdiyini deyib. Onun həyat yoldaşı, NTV telekanalının baş prodüseri, “Parni iz Baku” komandasının keçmiş üzvü Timur Vaynşteyndir və onlar ailəlikcə tez-tez Azərbaycana gəlirlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Yana Batırşina Azərbaycan Gimnastika Federasiyası yüksək səviyyədə işləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ