Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lazerli printerin ixtiraçısı vəfat edib

Lazerli printerin ixtiraçısı vəfat edib

Tarix: 22 Yanvar 2020 14:03

ABŞ-da lazer şüası texnologiyasından istifadə edilməklə hazırlanan dünyada ilk lazerli printerin ixtiraçısı Hari Starkuezer dünyasını dəyişib. O, dekabrın 26-da 82 yaşında Florida ştatının Orlando xəstəxanasında vəfat edib. Ölüm səbəbi kimi leykemiya xəstəliyi göstərilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, 1938-ci ildə anadan olan H.Starkuezer 1960-cı ildə Miçiqan Universitetini bitirib. Orada fizika sahəsində bakalavr dərəcəsi alan mühəndis 1966-cı ildə Roçester Universitetinin məzunu olmaqla optika sahəsində magistr dərəcəsinə yiyələnib.

 

H.Starkuezer 60-cı illərin əvvəllərində “Xerox Corporation” şirkətində kiçik mühəndis vəzifəsinə işə götürülüb. “Xerox PARC” elmi tədqiqat mərkəzinin əməkdaşı olan mühəndis 1971-ci ildə lazer şüası texnologiyasına malik mövcud surətçıxarma aparatlarını tamamlayıb.

 

İlk lazerli printerin təcrübi nümunəsi H.Starkuezer tərəfindən 9 ay ərzində layihələndirilsə də, qurğunun kütləvi istehsalına başlanmayıb və prototip şəklində qalıb. Lazerli printerin ilk seriyalı modeli – “Xerox 9700 Electronic Printing System” 1977-ci ildə buraxılıb. 1990-cı illərdə işıq mənbəyinin lazer şüası qismində çıxış etdiyi texnologiyaya malik çap qurğuları dünyanın bütün ofislərinin ayrılmaz atributuna çevrilib.

 

90-cı illərdə “Apple Computer” şirkətində çalışan H.Starkuezer işıq idarəetmə texnologiyasını kəşf edib, eləcə də “Pixar” və “Lucasfilm” kimi şirkətlərdə məsləhətçi rolunda çıxış edib. 1997-ci ildə mühəndis “Microsoft” korporasiyasının “Microsoft Research” bölməsində çalışıb və displey texnologiyaları ilə məşğul olub.

 

Nizam Nuriyev




Etiketlər:  Lazerli printerin ixtiraçısı vəfat edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ