Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Yanvar 2020 21:54
İspaniya hökuməti "iqlim sahəsində fövqəladə vəziyyət" elan edib. O söz verib ki, yazın sonuna qədər qlobal istiləşmə əleyhinə mübarizəyə dair proqram təqdim edəcək. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu qərar iqlim dəyişmələrini insan fəaliyyəti, o cümlədən atmosferin çirklənməsi ilə əlaqələndirən ekologiya fəalları tərəfindən təşkil edilmiş kütləvi etiraz aksiyaları fonunda qəbul edilib.
İspaniya Nazirlər Kabineti ekologiyanın müdafiəsinə dair ümumən 30 tədbir anons edəcəyini vəd edir. Gözlənildiyinə görə, ölkə 2050-ci ilə qədər karbon qazları tullantılarını tamamilə azaldacaq. Təqdim edilmiş layihəyə əsasən, İspaniya yaxın 20 ildə 95 faiz bərpa olunan enerji mənbələrinə keçməli, ağır yük daşıyan nəqliyyatdan istifadə zamanı ətraf mühitin çirklənməsi problemini həll etməli və kənd təsərrüfatında karbon qazı tullantılarının azalmasına nail olmalıdır. Ekoloji Keçid naziri Teresa Ribera deyib: "Biz bilirik ki, bu, son dərəcə mühüm vəzifəni üzərimizə götürməsək, bu, sosial nöqteyi-nəzərdən tənəzzülə gətirib çıxaracaq, iqtisadi və ətraf mühitin mühafizəsi baxımından son dərəcə bahalı olacaq. Söhbət mütəşəkkil işdən getdiyi üçün, - hərçənd iqlim dəyişmələrinə qarşı bütün cəmiyyət mübarizə aparır, - bizdə həmin dəyişiklikləri təshih etmək üçün yeni imkanlar yaranır".
İspaniya hökuməti ekoloji islahatların müfəssəl planını yaxın vaxtlarda müvafiq qanun layihəsi ilə birlikdə təqdim edəcək.