Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Yanvar 2020 14:56
Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid "Bakı xanları evi"nin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığın salınması istiqamətində işlər davam etdirilir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə əsasən, ötən il ərzində Qoruq ərazisində 104 ünvanda İdarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 kv.metr çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 kv.m yol örtüyü dəyişdirilib.
Ə.Ələkbərov bildirib ki, Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında aparılan işlərin tərkib hissəsi olan Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən həyata keçirilib. Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib. Ə.Ələkbərov bütün görülən işlərlə yanaşı turizmin inkişaf etdirilməsinin İdarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.