Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2020 19:32
Bakı. Trend:
Ölkənin aparıcı KİV nümayəndələri üçün regionun ən böyük şəkər istehsalat müəssisəsi olan və Azərbaycanın qeyri-neft sektorunun inkişafında müstəsna rol oynayan İmişli Şəkər Zavoduna media tur təşkil edilib.
“Azərsun Holdinq”dən Trend-ə verilən məlumata görə, media turun keçirilməsində əsas məqsəd jurnalistlər vasitəsi ilə Azərbaycan Şəkər İstehsalat Birliyinin (AŞİB) fəaliyyətinin uğurla davam etməsi, bir müddət əvvəl ixtisarlarla bağlı yayımlanmış xəbərlərin əsassız olması, zavodun istehsal prosesi, eyni zamanda burada məhsulların yüksək gigiyenik şərtlərlə istehsal edilməsi barədə ictimaiyyəti məlumatlandırmaq olub.
Ümummilli Lider Heydər Əliyevin xeyir-duası ilə inşasına başlanılan və 2006-cı ildə ölkə başçısı İlham Əliyevin iştirakı ilə istismara verilən müəssisə “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq insanların işlə təmin olunması və məşğulluğunun artıtırlmasında müstəsna rol oynayır. İmişli Şəkər Zavodunun fəaliyyəti ilə ölkəmizdə geniş şəkər çuğunduru sahələri əkilir ki, nəticədə on minlərlə insan bu sahədən gəlir əldə edir.
Müəssisəni ziyarət edən jurnalistləri AŞİB-nin baş direktoru Mehran Məmmədov qarşılayaraq onlara müəssisənin fəaliyyətində heç bir problemin olmadığını, İmişli Şəkər Zavodunu fəaliyyətini davam etdirdiyini və yeni texnoloji avadanlıqlarla təmin edildiyini bildirib. İxtisarlarla bağlı sualı cavablandıran müəssisə rəhbəri bu məsələnin ümumiyyətlə əvvəldən gündəmdə olmadığını söyləyib. O, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində vacib rol oynayan “Azərsun Holdinq”in sosialyönümlü şirkət olduğunu və insanların işlə təmin olunmasına xüsusi həssaslıqla yanaşdığını bildirib
Daha sonra İmişli Şəkər Zavodunun istehsalat növbə rəisi Xəyal Sərdarov media nümayəndələrinə müəssisə barədə ətraflı məlumat verib və onları istehsal prosesi ilə tanış edib. Qonaqlar əvvəlcə laboratoriyanı ziyarət edib və digər “Azərsun Holdinq” müəssisələrində olduğu kimi burada da keyfiyyətə nəzarət prosesinin yüksək səviyyədə təşkil olunduğuna şahid olublar. Onlara adıçəkilən Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri Abdolbari Goozalın bu məsələdə çox tələbkar və güzəştsiz olduğu bildirilib. Jurnalistlərə Şəkər Zavodunda istehsal zamanı heç bir kimyəvi, süni və zərərli olan kənar qatqılardan istifadə edilmədiyini vurğulayan laboratoriya rəhbəri Qabil Həsənov məhsulunun ölkə ərazisində yetişdirilən şəkər çuğundurundan hazırlandığını bildirdi. Jurnalistlərin suallarını cavablandıran mütəxəssis, bəzən bazarda müxtəlif kimyəvi maddələrin əlavə edildiyi şəkər tozlarına da rast gəldiklərini qeyd etdi. Həmçinin media mənsublarına laboratoriyada gündəlik 1200-1400 analizin həyata keçirildiyi və İmişli Şəkər Zavodunda istehsal edilən şəkər tozunun 5 mərhələli filtrasiyadan keçdiyi bildirilib. Bu isə şəkərin yüksək keyfiyyətli olması üçün çox vacib faktordur.
Qeyd edək ki, regionun ən böyük şəkər istehsal müəssisəsi olan zavodun illik istehsal həcmi 700 min tondur. Burada istehsal edilən məhsullar ölkədaxili tələbatı qarşılamaqla bərabər, xarici ölkələrə də ixrac edilir ki, bununla da ölkədən valyuta axınının qarşısınn alınmasına mühüm töhfə verilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin