Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 12:22
Bakı. Elçin Mehdiyev - Trend:
Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) və Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunan seminar-müşavirələrin yekun tədbiri keçirilib.
Trend-in məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsini inzibati binasında keçirilən tədbir MSK üzvü İlham Məmmədov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev, dairə seçki komissiyalarının sədrləri, o cümlədən şəhər və rayon polis orqanlarının nümayəndələri və ATƏT-in beynəlxalq müşahidəçilər missiyasının nümayəndələri iştirak ediblər.
Açılış nitqində Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev qeyd edib ki, Milli Məclisə seçkilərlə əlaqdəar respublikada ictimai təhlükəsizlik və ictimai qaydanın təmin olunması məqsədilə Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanaraq icraya yönəldilmiş və bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir:
"Maarifləndirmə tədbirləri çərçivəsində Gəncədə, Şirvanda, Şəkidə ərazi polis orqanlarının və dairə seçki komissiyalarının sədrləri ilə zona müşavirələri keçirilib. Tədbirlər çəçivəsində bu gün keçirilən müşavirənin əsas məqsədi təbliğat-təşviqat kampaniyası dövründə, seçki günü, eləcə də seçkidən sonrakı proseslər, polis əməkdaşlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, ərazi polis orqanlarının dairə seçki məntəqləri ilə qarşılıqlı əlaqələrinin təşkil edilməsindən ibarətdir".
Daha sonra çıxış edən MSK üzvü İlham Məmmədov isə bildirib ki, MSK Milli Mıclisə seçkilərlə əlaqədar silsilə maarifləndirmə tədbirləri həyata keçirir: "Bu tədbirlərdən biri də Mərkəzi Seçki Komissiyası və Daxili İşlər Nazirliyinin birgə maarifləndirmə proqramı olan Azərbaycan polisinin seçkilərdə rolu, hüquq və vəzifələri mövzusunda keçirilən seminar-müşavirələrdir:
"Respublikanın regionlarında Daxili İşlər Nazirliyi ilə birgə keçirilən tədbirlərin son mərhələsini Bakı Şəhər Baş Polis İdarəsində paytaxtda fəaliyyət göstərən rayon polis orqanlarının və müvafiq dairə seçki komissiyaları sədrləri üçün keçiririk. Tədbirdə əsas məqsəd qarşıya çıxan problemlərin həlli yolları və polis orqanlarənın səsvermə günü, ondan öncə və sonrakı funksiyalarının müzakirəsidir".
Qeyd edək ki, tədbirdə seçki sənədlərinin mühafizəsi, seçki sənədlərinin dairə seçki komissiyalarına, oradan məntəqə seçki komissiyalarına çatdırılması və səsvermə günü məntəqələrinin mühafizəsi məsələləri müzakirə olunub. Vurğulanıb ki, səsvermədən sonra ölkədə ictimai sabitliyin, qaydanın bərqərar olunması Azərbaycan polisinin funksional vəzifələrindəndir. Tədbir müzakirələrlə başa çatıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin