Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 15:56
Bakı. Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən fevral ayında 12 şəhər və rayonda (Balakən, Göyçay, Lənkəran, Qəbələ, Şəki, Beyləqan, Gəncə-Nizami, Goranboy, Neftçala, Şamaxı, Tovuz, Sumqayıt) əmək yarmarkasının keçirilməsi planlaşdırılır.
Nazirlikdən Trend-ə bildirilib ki, əmək yarmarkalarında həmin bölgələrdəki idarə, müəssisə və təşkilatlarda olan vakant (boş) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq. Onlara peşə və ixtisaslarına, əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər isə peşə hazırlığı kurslarına cəlb olunacaq.
Yarmarkalar zamanı işsiz və işaxtaranların istəkləri əsasında onların ödənişli ictimai işlərə, müvafiq potensialları olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyatı da aparılacaq.
Qeyd edək ki, 2020-ci il üzrə əmək yarmarkalarının keçirilməsinə ötən aydan başlanıb. Bu il ərzində respublikamızın 58 şəhər və rayonunda 100 əmək yarmarkasının təşkili nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin