Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2020 18:24
Əvvəllər digər mənzildə, qonşuda baş verənləri eşitmək üçün stəkanlardan istifadə olunurdu. Bunun üçün stəkanı divara tutmaq kifayət idi ki, hər şeyi eşidə biləsən. Amma zaman keçdi, dövr dəyişdi. İndi əksər çoxmərtəbəli binalarda bu cür stəkanlara ehtiyac yoxdur. Bu otaqda oturaraq, digər mənzildə baş verənləri rahatlıqla eşitmək mümkündür.
Sonxeber.net xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişi sözügedən məsələ ilə bağlı maraqlı sujet hazırlayıb.
Bu isə həmin binalarda yaşayan sakinlərin narahatlığına səbəb olur.
Sakin: "Əgər insan evində sərbəst yaşamaq istəyirsə, hər iki tərəfdən qonşu ona mane olmamalıdır. İnsan istirahət edəndə, saat 10-11-dən sonra istəyir ki, rahatlıq olsun. Amma divarın o biri tayından səs gələndə istər-istəməz insanın psixikasına mənfi təsir edir".
Ekspertlərin sözlərinə görə, tikintiyə başlamadan öncə layihədə 2 mənzil arasındakı divar 30-40 sm göstərilir. Lakin sonradan tikinti zamanı ara divar 20 sm və daha az qalınlıqda inşa edilir.
Məhəmməd Musayev - İnşaat mühəndisi: "Yalnız xarici divarı 30 sm və yaxud da 40 sm inşa edirlər. Mənzillər arası divar olur 20 sm. Bu da boşluqlu kərpicdən icra olunanda səskeçirmə daha yüksək olur və narazılıqlar olur. Hətta olur ki, qonşuda biri mətbəx montaj edir, digər qonşunun evini zədələyir".
Eyni zamanda layihədə 2 qonşu mənzil arasındakı divar 2 qat nəzərdə tutulur. Bəzi MTK-lar isə öz kvadratlarından itkiləri azaltmaq və daha az xərcə düşməkdən ötəri divarı tək qat edir.
Şirin Şərifov - Ekspert: "Tək divar olduğunda digər qonşunun səsi başqa bir qonşuya keçmə ehtimalı daha çox olur. Standartda əslində mənzillə mənzil arasındakı hörgüdə hər iki mənzilin ayrıca müstəqil olaraq divarları olmalıdır. Və o divarlar arasında hava boşluqları olmalıdır. Bu da müəyyən bir kvadratmetr yer tutduğuna görə bunu MTK-lar bir divarla əvəz edirlər. Həmin divar isə 20-lik, içiboş kərpiclərdən tikilir".
Məhəmməd Musayev - İnşaat mühəndisi: "Ümumiyyətlə bu gün FHN tikintidə çox yaxşı bir nəzarət həyata keçirir. Əsasən dayanıqlılığa ciddi diqqət yetirdikləri üçün bu tip komfortverici amillərə lazımi dərəcədə diqqət yetirmirlər. Əsasən dayanıqlılığın təmin olunması üçün FHN nəzarət edir ki, bina zəlzələ dayanıqlı olsun".
Məsələ ilə bağlı FHN-in mövqeyini öyrənmək cəhdlərimiz isə alınmadı. Qurumun mətbuat katibi Gülçin Mehdiyeva işlərinin çoxluğunu səbəb göstərərək, müsahibəyə şərait yaratmadı.