Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 19:27
Son vaxtlarda qırımızı ətin ziyanı barədə həm yerli, həm də dünya mətbuatında çoxsaylı informasiyalar yayılmaqdadır. Məsələn, bu günlərdə Birləşmiş Krallığın səhiyyə nazirliyi məlumat yayaraq bildirdi ki, gündəlik 70 qramdan artıq qırmızı və emal olunmuş ət yeməyi insan orqanizmi üçün ziyandır.
Ekspertlər qırımızı əti risk daşıyan qida siyahısına salaraq onu arsen, alkoqol və asbest maddələri ilə müqayisə edirlər. Ən əsası xərçəng xəstəliyinin son illərdə dünyada geniş vüsət almasının səbəblərindən biri kimi qırmızı ət də göstərilir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatına görə, gün ərzində 50 qram qırmızı ət məhsulunun qəbulu bağırsaq xərçəngi riskini 18 faiz artırır.
Amerikalı alimlər isə bildirir ki, qırımızı ət yeməyin ürək xəstəlikləri ilə də əlaqəsi var. Onların araşdırmasına görə, ətin tərkibində karnitin ürək xəstəliklərinə səbəb ola bilir ki, bu baxımdan da davamlı həyat şəraitinin təmin olunması üçün ətdən imtina edərək, bitkilərlə qidalanmaq vacibdir.
Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, qırmızı ət deyərkən mal, qoyun və donuz əti nəzərdə tutulur, quş və balıq əti bu siyahıya daxil deyil. Alimlər qırımızı ətin ziyanı olduğunu qeyd etsələr də, ondan tamamilə imtinanın da doğru olmadığını bildirirlər. Belə ki, ətdən imtina zamanı orqanizmdə metabolizm proseslərində minerallar və mikroelementlərin çatışmazlığı müşahidə olunur. Çünki ət dəmir, vitamin D və B12 qaynağıdır.
O da məlumdur ki, Azərbaycan kulinariyasında qırımızı ət vazkeçilməz qidalardan biridir və çox istifadə olunur. Məsələn, yağlı qoyun ətindən hazırlanan yeməklər, kabablar bir çoxumuzun qida rasionumuzdan çıxarda bilməyəcəyimiz təamlardır.
Bəs yerli mütəxəssislər necə düşünür - qırımızı ətdən tamamilə imtina edək, yoxsa?.. Qırımızı ətin uşaqlara da ziyanı varmı və yaxud faydası varsa, nədən ibarətdir? Xərçəng və ürək xəstəlikləri riskini yaradan qırımız əti hansı qidalarla əvəz edə bilərik?
Mövzu ilə bağlı həkim Seyfəddin Əsədov bunları dedi: "24 ildir ki, qırmızı ətdən istifadə etmirəm və bunun xeyrini görmüşəm. Qırmızı ətdən istifadə etdikdə ətdən başqa insanı heç nə doydura bilmir və əsəblər gərgin olur, yuxusuzluq yaranır, həzm prosesi yaxşı getmir. Yeməkdə qırmızı ətdən istifadə etdikdə gərəkdir ki, onu başqa qida ilə qarışdırmasınlar. Məsələn, Azərbaycanda qırımızı əti daha çox kartofla birlikdə yeyirlər, halbuki kartof turşuluğu götürür, bu zaman ətin həzmi yaxşı getmir və bağırsaq daşına çevrilir, bu da insanın əsəblərinə təsir edir və sairə. Məlum olduğu kimi, insan yaranışın ilk vaxtlarında daha çox giləmeyvə, bitkilərlə dolanıb, qırmızı ətdən sonralar istifadə olunub. İndi isə bu cür ətdən həddindən artıq istifadə edilir.
Uşaqlara qırmızı ət verilə bilər, lakin diqqət etmək lazımdır ki, onu kabab kimi qızardılmış şəkildə deyil, soyutma, sulu vəziyyətdə versinlər. Yəni uşaqlara ət vermək olar, lakin hər gün deyil, müəyyən ölçülərlə verilməsi məsləhətdir. Bu gün dünyada qırımızı ətə qarşı müharibə elan edilməsinin əsas səbəblərindən biri xərçəng xəstəliyinin aradan qaldırılması ilə bağlıdır. Bildiyiniz kimi, xərçəngin yayılmasında zülalaların böyük rolu var ki, həmin zülallar da daha çox qırımızı ətdədir".
Həkim deyir ki, insan ətdən imtina edərək, onu qoz-fındıq, lobya kimi qidalarla əvəz edib, lazım olan zülalı əldə edə bilər.
Seyfəddin Əsəd qırmızı ətin uşaqlar üçün faydasından da söz açdı: "Xüsusən də can əti qan azlığı olan uşaqlar üçün çox faydalıdır. Yəni qanda hemoqlobinin artırılması üçün can ətində xeyli maddələr var. Məlum olduğu kimi, son illərdə ölkəmizdə uşaqlar arasında qan azlığı xəstəliyi xeyli yayılıb. Buna görə də məsləhət görülür ki, uşaqlara meyvələrlə bərabər can əti də verilsin".