Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2020 10:42
Azərbaycanın Xalq artisti Lüdmila Duxovnaya, sən demə, amerikalı aktyor və ssenari müəllifi, rejissor və musiqiçi, "Məxfi materiallar" teleserialındakı agent Foks Malder roluna görə ikiqat "Qızıl qlobus" mükafatının sahibi Devid Duxovnının qohumu imiş.
Sonxeber.net Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, o, bu barədə jurnalist Səadət Qədirovanın "YouTube" şəbəkəsindəki "кadyrova.online" kanalında apardığı "Arzular gerçəkləşir" layihəsinin qonağı olarkən deyib.
Aparıcının Devid Duxovnı ilə qohumluq əlaqələrinin olub-olmadığı barədə sualına aktrisa müsbət cavab verib.
"Mənim babam və nənəm Bakıya Ukraynadan gəliblər. Babamın üç qardaşı da olub ki, ondan fərqli olaraq, yaşamaq üçün Qərbi seçiblər. Babam Bakını seçəndə yəqin çox cavan olub, nənəm də yaşda ondan kiçik olub. Ola bilsin, onlar buna görə isti ölkəyə gəlməyi seçiblər. Bundan əlavə, Azərbaycanda həmişə dostcasına və xeyirxah mühit olub", - aktrisa bildirib.
Bibisi və əmisi oğlu Duxovnayaya məşhur aktyorun onların qohumu olduğunu bildiriblər. Bu faktı Devid Duxovnı ilə ünsiyyət qurmağa imkan tapan azərbaycanlı Şaiq Səfərov da təsdiqləyib.
Xalq artisti hesab edir ki, o, zahirən də Hollivud ulduzuna çox oxşayır. Lakin aktrisaya ulduz qohumu ilə şəxsən tanış olmaq nəsib olmayıb.
Devid Duxovnı "Məxfi materiallar"dakı agent Malderlə yanaşı, "Şəhvətpərəst Kaliforniya" teleserialındakı yazıçı Henk Mudi (Hank Moody) rolu ilə də şöhrət qazanıb. O, həmçinin "Consonlar ailəsi", "Dolça", "Məxfi", "Keçmişin sirləri" və digər filmlərdə də çəkilib.
Lüdmila Duxovnaya Rusiyanın "Fiqaro" aktyor mükafatının sahibidir. Azərbaycanda teatr sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Onun yaradıcılığının 55 illiyi həmçinin Bakıda Rus Dram teatrında qeyd olunub. Azərbaycan incəsənətinin qızıl fonduna daxil olan 120-dən çox tamaşada parlaq obrazlar yaradıb.