Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2020 18:40
"Şeydayev komandaya yeni qoşulub. Başa düşməliyik ki, o, bizimlə uzun müddət məşq etməyib".
Qol.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında "Sabah"ın baş məşqçisi Jelko Sopiç komandanın yeni transferi Ramil Şeydayev haqqında danışarkən deyib.
Serbiyalı mütəxəssis bildirib ki, indiki məqamda 24 yaşlı hücumçunu oynatmaq böyük risk olar: "Çünki futbolçu uzun müddət komanda və topla məşq etməyəndə zədə ilə bağlı böyük problem olur. O, hər an zədələnə və bərpa prosesi üçün uzun müddət tələb oluna bilər. Ramilə hələlik hər oyunda az-az şans verəcəyik. Tam hazır olduqdan sonra isə start heyətində meydana çıxacaq".
Azərbaycan Premyer Liqasının XVIII turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışan J.Sopiç moldovalı Yevgeni Koçukun qırmızı vərəqə almasından sonra meydanda vəziyyətin komandasının əleyhinə dəyişdiyini söyləyib: "Son 3 oyunda 7 xal qazanmışıq. Təəssüf ki, "Səbail"lə matçda qələbə qazana bilmədik. Amma buna görə məyus olmaq lazım deyil. Çünki 15-ci dəqiqədə qırmızı vərəqə aldıqdan sonra haradasa 80 dəqiqə azlıqda oynadıq. Futbolçularımız topsuz qaldılar. Futboldan anlayanlar bilirlər ki, belə matçlarda 1 xal da pis nəticə deyil. Oyunun sonlarına doğru hər iki komandanın qol vurmaq üçün şansları olsa da, hesab dəyişmədi".
45 yaşlı mütəxəssis Premyer Liqanın XIX turunda "Qarabağ"a qarşı oynayacaqları səfər matçına da toxunub: "Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Mən Azərbaycana yeni gələndə onlar "Sevilya" kimi rəqibə qarşı oynayırdılar. Qrupda nəticələri bir qədər yaxşı olmadığı üçün "pley-off"a çıxa bilmədilər. Bununla belə, "Qarabağ"ın necə güclü rəqib olduğunu yaxşı bilirik. Onlara meydanda boş sahə versək, futbolçularımız yalnız özləri üçün oynasalar, problem yaranacaq. "Qarabağ"ın heyətində top-futbolçular var. Kompakt oynayırlar, istənilən rəqibə qol vura bilirlər. Amma bizim də üstünlüklərimiz var. Ehtiyat oyunçular skamyasında Ramil Şeydayev, Marko Deviç kimi hücumçular əyləşir. Deviç zədədən yenicə qayıdıb. Hər ikisi "Qarabağ"a qarşı matçda bizə xeyir verə bilər. Yaxşı nəticəyə ümid edirik. Asan olmayacaq, lakin ən pis halda 1 xal qazana biləcəyimizə inanıram".
Qeyd edək ki, fevralın 29-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Sabah" oyunu saat 18:00-da başlayacaq.