Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2020 07:16
Şəkər enerji istehlakı üçün vacib olsa da zəruri qida maddələrinin təminatında heç bir rol oynamır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, qida rasionunun düzgün təşkili uşaqların normal inkişafını müəyyən edən əsas faktorlardan biri olmaqla yanaşı, onların həyat fəaliyyəti, böyümə və sağlamlığına birbaşa təsir göstərir.
Qida məhsullarının tərkibində olan karbohidratlara şəkər, oliqosaxaridlər və mürəkkəb karbohidratlar (nişasta və qida lifləri) aiddir. Şəkəri iki qrupa - qida məhsullarının tərkibində təbii şəkildə mövcud olan şəkərlərə (bunlar yetişmiş təzə meyvə və tərəvəzlərin tərkibində olur) və qida məhsullarının tərkibinə əlavə olunmuş şəkərlərə ayrılır.
Sonunculara süd şəkəri (ana südünün tərkibindəki 37% kaloriliyə malik laktoza, eləcə də süd və süd məhsullarının tərkibindəki laktoza), kulinariya reseptlərində, süfrədə, spirtsiz içkilərdə istifadə olunan rafinə olunmuş şəkər (şəkər qamışı və şəkər çuğundurundan alınmış şəkər) və bal (fruktoza və qlükoza qarışığı) aiddir.
Şəkər zəruri qida maddələrinin təminatında heç bir rol oynamadığı üçün şəkərlə zəngin yoqurt, kəsmik əvəzinə onların şəkərsiz məhsullarından istifadə etmək daha məqsədəuyğundur.
Digər tərəfdən, ağız boşluğunun gigiyenasını nəzərə alsaq, uşaqların qida rasionunda şəkər əvəzinə digər şirin qida məhsulları, məsələn bal, fruktoza tətbiq edilə bilər. Fruktoza ilə zəngin meyvə şirələrinin tətbiqi bəzən uşaqlarda qəbizliyə də səbəb ola bilər. Şəkərin normadan artıq istehlakı qan plazmasında lipid və insulinin, eləcə də qlükozanın artmasına səbəb olur. Belə hallar müşahidə edildikdə uşaqların qida rasionunda tərkibi nişasta ilə zəngin olan qida məhsullarına, xüsusilə meyvə və tərəvəzlərə yer verilməlidir.
Tərkibində qlüten olmadığı üçün düyü nişastasının istifadəsi məqsədəuyğundur. Qida lifləri isə çox az kaloriliyə malik olduğu üçün 2 yaşa qədər uşaqlar üçün məsləhət deyil. 2 yaşdan yuxarı uşaqların isə qida rasionunda daha çox mürəkkəb karbohidratların üstünlük təşkil etməsi vacibdir. Belə ki, sonuncular orqanizmin, xüsusilə bağırsaqların normal funksiyalarının təmin edilməsində mühüm rol oynayır.