Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2019 21:14
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhəri və regionlarda ümumtəhsil məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir.
Agentlikdən Trend-ə verilən məlumata görə, növbəti görüşlər Bakı şəhəri Yasamal rayonu 153 saylı orta məktəb, Xətai rayonu 55 saylı orta məktəb, Sabirabad rayonu M.Müşviq adına 4 saylı tam orta məktəb və Saatlı rayonu Valeriy Əsgərov adına 4 saylı tam orta məktəbin şagirdləri ilə keçirilib.
Tədbirdə şagirdlərə layihə haqqında ətraflı məlumat verilib, onlara Agentliyin hazırladığı müxtəlif maarifləndirici videoçarxlar təqdim edilib.
Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, şəkərin ziyanları, qablaşdırma məhsullarının qidaya təsiri, enerji içkilərinin insan orqanizmində yaratdığı fəsadlar, gündəlik qida rasionun təşkili barədə ətraflı məlumat verilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar şagirdlərə paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin həyata keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin cari ilin sonunadək Bakı şəhərində 20, regionlarda isə ümumilikdə 60-dan çox məktəbdə keçirilməsi planlaşdırılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin