Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 16:06
Cari mövsümdə fantastik nəticələri ilə diqqət mərkəzində olsa da, son oyunlarda ardıcıl məğlubiyyətlərlə üzləşən "Liverpul" ciddi itki ilə üzləşib.
Sonxeber.net futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqa nəhənginin əsas qapıçısı Alisson Bekker sıradan çıxıb.
Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp jurnalistlər üçün keçirdiyi mətbuat konfransında məlumat verib. Almaniyalı mütəxəssis braziliyalı qolkiperin İngiltərə kubokunun 1/8 finalında "Çelsi"yə 0:2 hesabıyla uduzduqları oyunda zədələndiyini və bu üzdən bir müddət yaşıl meydanlardan kənarda qalacağını söyləyib.
Qeyd edək ki, "Liverpul" bu gün Premyer Liqanın 29-cu turu çərçivəsində doğma meydanda "Bornmut"la qarşılaşacaq. Martın 12-də isə bu komandanı İspaniyanın "Atletiko" (Madrid) klubu ilə Çempionlar Liqası matçı gözləyir. Hansı ki, ispanlarla səfərdə baş tutan 1/8 final matçı İngiltərə təmsilçisinin məğlubiyyəti ilə başa çatıb - 0:1. Kloppun sözlərinə görə, Alisson bu oyunlarda komandaya kömək edə bilməyəcək. Onun ayın 17-də keçiriləcək "Everton"la Mersisayd derbisində də sıraya dönməsi hazırda sual altındadı.
Alisson bu mövsüm "Liverpul"un heyətində 28 oyuna çıxıb. O, ötən ilin avqust ayında da ciddi zədə almış və bu üzdən 9 oyunda komandasına kömək edə bilməmişdi.