Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 22:08
Bakı. Samir Əli - Trend:
Azərbaycan dövləti istənilən kataklizmlərdən, qlobal iqtisadi böhranlardan qalib çıxmaq əzmində və gücündədir.
Bu sözləri Trend-ə açıqlamasında "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev OPEK+ ölkələri arasında istehsal həcminin azaldılması ilə bağlı fikir ayrılığı səbəbindən dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə bağlı fikirlərini şərh edərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, Azərbaycan daha əvvəllərdə dünyada baş verən qlobal iqtisadi kataklizmlərdən kifayət qədər az, hətta ən minimal zərərlə çıxıb və bunun əsas səbəblərindən biri dayanıqlı iqtisadiyyatın mövcudluğu, o cümlədən qeyri-neft sektorunun inkişafı reallığıdır:
“Əbəs deyil ki, Prezident İlham Əliyev iqtisadi inkişafın həyata keçirilməsi ilə bağlı çıxışlarında neftdən asılılığın minimuma endirilməsi barədə əhəmiyyətli fikirlərini dəfələrlə vurğulayıb".
Siyasi ekspert qeyd edib ki, artıq müvafiq dövlət qurumları Nazirlər Kabinetinin operativ iclasında dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirinin müzakirəsini aparıblar və belə bir nəticəyə gəlinib ki, reallaşdırılacaq ilkin tədbirlər nəticəsində kəskin ucuzlaşma faktı ölkəmizin iqtisadiyyatında heç bir disbalans yaratmayacaq:
"Onu da qeyd edim ki, Azərbaycan iqtisadi potensialına və perspektivlərinə görə Cənubi Qafqaz regionunda liderlik mövqeyinə sahibdir, o cümlədən, yalnız neft hasilatı və enerji sahəsində deyil, eyni zamanda qeyri-neft sektorunda da öncüllüyünü qoruyub-saxlayır, təşəbbüskar və ideyaverici rolunda çıxış edir. Bu zaman ölkə iqtisadiyyatı baş verən kataklizmlərdən maksimum şəkildə minimal zərərlə çıxmaq imkanlarına malikdir. Daha dəqiq desək, əgər böhran demək olar ki, dünya miqyasında öz sözünü deyirsə, burada təəccüb ediləcək hər hansı bir hal yoxdur və ələlxüsus ölkəmiz üçün problemlər yox səviyyəsindədir".
Bəhruz Quliyev xatırladıb ki, narahat olmalı ölkələr onlardır ki, neftdən tam asılı vəziyyətdədirlər, ya da inkişaf strategiyasına malik deyillər:
"Həmin ölkələrin müəyyən təlaşlar keçirmələrinə səbəblər var. Bu kimi ölkələrin iqtisadi strategiyalarında çox yəqin ki, boşluqlar vardır. Lakin Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin iqtisadi strategiyasının tərkib hissələrindən biri bu kimi kataklizmlərə öncədən hazır olmaq faktorunun üzərində dayanır ki, onlardan biri də valyuta ehtiyatlarının artırılmasıdır".
"Baxın, rəsmi statistik məlumatlardan da gördüyümüz kimi, Azərbaycanın strateji valyuta ehtiyatları - 52 mlrd. ABŞ dollarıdır və bu ÜDM-in həcmini 8 faizdən çox üstələyir", - deyə qeyd edən Bəhruz Quliyev bildirib ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə dünyada ən aşağı göstəricilərdəndir və 17% təşkil edir:
"Ona görə də, fikrimin əvvəlində xatırlatdım ki, hələ bir neçə il öncə dünya miqyasında baş verən qlobal maliyyə-iqtisadi böhranı belə, iqtisadiyyatımıza ciddi zərər vurmadı və Azərbaycan dövləti bu sınaqdan maksimal zərərlə çıxdı. Çünki iqtisadiyyatın çoxşaxəli inkişafı buna qədər kifayət qədər möhkəm təməllərə əsaslanmışdı. Bu gün də həmin reallıq mövcuddur və həyata keçirilən islahatlar fonundakı iqtisadi stabillik demək olar ki, bir çox təlatümlərə qarşı dayanıqlığını qoruyub-saxlayır".
"Qeyri-neft sektorunun da şaxələndirilməsi bir sıra uğur tandemlərini müəyyən edir. Əlbəttə ki, nəzərə alsaq ki, kənd təssərrüfatı, aqrar sahə, informasiya və kommunikasiya, emal, qida sənayesi və s. istiqamətdə dinamik tərəqqi mövcuddur, bu zaman neftin kəskin ucuzlaşması prosesinin təsirinin az olacağını əminliklə söyləyə bilərik. Əbəs deyil ki, hətta bu çərçivədə sosial layihələrin icrasının davam etdirilməsi və heç bir sosial layihənin təxirə salınmaması qərarı öz qüvvəsində qalmaqdadır. Sadəcə bir reallığı da anlamalı və ictimai rəyə təbliğ etməliyik ki, belə vəziyyətdə istehlak bazarına ciddi nəzarət olmalı, vətəndaşlar xalq-hakimiyyət birliyindən çıxış edərək məsuliyyət hiss etməli, vəziyyətdən sui-istifadə etməyə çalışanlara, süni qiymət artımına yol verənlərə və əsassız olaraq dövriyyədən çıxarılmaqla mal qıtlığı yaratmağa cəhd edənlərə qarşı sərt tədbirlərin görülməsi üçün öz iradəsini ortaya qoymalıdır. Hesab edirəm ki, Azərbaycan dövləti istənilən kataklizmlərdən, qlobal iqtisadi böhranlardan qalib çıxmaq əzmində və gücündədir", - deyə baş redaktor əlavə edib.