Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arazın o tayından pənah gətirən üzgüçü qız - Portret - FOTO

Arazın o tayından pənah gətirən üzgüçü qız - Portret - FOTO

Tarix: 15 Mart 2020 07:24

O, Azərbaycanın ən istedadlı üzgüçülərindəndir

Sonxeber.net kaspi.az-a istinadən yazını təqdim edir.

XIX əsrin sonlarınadək qadınların idmanda təmsil olunması mümkünsüz hal idi. Dövrün etik prinsiplərinə görə, yalnız kişilər idman məşqlərinə gedə, yarışlara qatıla bilərdilər. Zaman, tələblər dəyişdikcə, bu stereotip də sürətlə qırılmağa başladı və qadağaların kökündən yanlış olduğu üzə çıxdı. Zərif varlıqlar zamanla az qala bütün növlərdə görünməyə başladılar. 1900-cü ildə Parisdə keçirilən ikinci olimpiadada 22 qadın yarışmışdısa, "Rio 2016"da say 5 minə yaxın idi. Dünyanın əksər qabaqcıl idman ölkələrində olduğu kimi, Azərbaycanda da böyük idman uğurları ilə xalqın qürur yerinə çevrilən xanımlar az deyil. Şahmat və atıcılıqdan tutmuş, əsasən kişilərin üz tutduğu ənənəvi döyüş növlərinədək olduqca titullu nümunələrimiz var. SSRİ yığması ilə olimpiya çempionu olan həndbolçularımız Rəfiqə Şabanova və Lyudmila Şubina, voleybolçu, Mexiko və Münxen olimpiadalarının qalibi İnna Rıskal, müstəqillik dövründə stend atıcılığı üzrə olimpiya çempionu Zemfira Meftəhəddinova, güllə atıcılığında olimpiya və dünya mükafatçısı İradə Aşumova, habelə, cüdoda Zülfiyyə Hüseynova, Kifayət Qasımova kimi yerli məktəbin yetirməsi olan onlarla xanımın adını çəkmək olar.

Bugünkü qəhrəmanımızı isə hələ tanımırsınız. Çox gəncdir, cəmi 15 yaşı var. Azərbaycan üçün qeyri-ənənəvi növdə çıxış etməsinə baxmayaraq, qarşısına böyük hədəflər qoyub.
 
Seçim qarşısında - Vətən!
 
Tanış olun, Şeyxəlizadəxangah Məryəm Əziz qızı. 17 iyul 2004-cü ildə İran İslam Respublikasının paytaxtı Tehranda, ziyalı mühitdə dünyaya gəlib. Valideynləri əslən Azərbaycanın qədim Urmiya şəhərindəndir. Anasının dediyinə görə, ailədə zehni fəaliyyətlə yanaşı, fiziki aktivlik də həmişə diqqət mərkəzində olub. Atası və qardaşı da daxil olmaqla, yaxın qohum-əqrəbada vaxtilə idmanla məşğul olanların sayı kifayət qədərdir. Odur ki, Məryəmin idmana yönləndirilməsi zərurətə çevrilmişdi. Qardaşı kimi o da altı yaşının tamamında üzgüçülüyə yazılır. İlkin məqsəd, sadəcə sağlamlıq olsa da, zamanla maraqlar dəyişir. Qısa vaxtda Məryəmdəki bacarıqlar özünü büruzə verməyə başlayır. Suyu hiss etmə qabiliyyəti, fiziki-funksional göstəriciləri onu digərlərindən əsaslı şəkildə fərqləndirirdi. Nəticədə, hazırlıqlara başladığından 20 gün sonra qızcığaz öz yaş qrupu üzrə keçirilən yarışa qatılaraq, finişə hamıdan qabaq çatır. Beləcə, günbəgün maraqlar, arzular böyüyür. Lakin...
 
Sirr deyil ki, İranda üzgüçülüklə məşğul olan qadınlara qarşı ciddi məhdudiyyətlər tətbiq edilir. Cənub qonşularımız Beynəlxalq Üzgüçülük Federasiyasının bayrağı altında keçirilən yarışlarda, habelə dünya, Asiya çempionatları, Yay Olimpiya Oyunlarında qadınlar arasında, ümumiyyətlə, təmsil olunmurlar. Belədə, bəlli bir vaxtdan sonra Məryəm və ona hər addımında dəstək verən ailəsi seçim qarşısında qalır. Ya qalıb həvəskar səviyyədə davam etməli, ya da digər ölkənin bayrağı altında mübarizə aparmalı idilər. Təbii ki, bu mənada ilk ağıla gələn doğma ölkə - idmana və idmançıya dəyər verən Azərbaycan idi. 2017-ci ildə İranda üzgüçülük üzrə yığmalarımızın baş məşqçisi Rəşad Əbdürəhmanovla tanış olan ailə, bir neçə ay sonra Bakıya köçməyi qərara alır. Daha doğrusu, bunadək keçən müddətdə müəyyən aralarla doğma vətəninə gəlib-gedən Məryəm, 2018-ci ildən etibarən anası Leyla xanımla birgə paytaxtımızda məskunlaşırlar.

Haşiyə çıxaraq qeyd edək ki, bir müddət sonra qardaşı da onlara qoşulub. Məhəmmədrza hazırda Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsində təhsil alır.

0,94 saniyə çatmadı
 
Məryəmin Azərbaycana gəldiyi dövr, Avropa Gənclərinin Yay Olimpiya Festivalı ərəfəsinə təsadüf edirdi. Daha dəqiqi, yığmamızın məşqçilər heyəti, əsasən bu məsul yarışı nəzərdə tutaraq, perspektivli qızımızı komandaya cəlb etməyi qərara almışdı. Fərqli mühit, intensiv hazırlıqlar tezliklə bəhrəsini verir. Məryəm AGOF-un finala yüksələn iki təmsilçimizdən biri, başqa sözlə, yeganə qız olur. Belə ki, batterflay üsulu ilə 100 metr məsafəyə üzmə üzrə təsnifatda 1 dəqiqə 02,11 saniyə ilə 49 üzgüçü arasında 8-ci olan Şeyxəlizadəxangah, 1 dəqiqə 1,51 saniyə göstərici ilə yarımfinalı da eyni sırada başa vurur. Həlledici mərhələdə nəticəsini 0,56 saniyə də yaxşılaşdıran 14 yaşlı qızımız, yekunda altıncı yeri tutur. Doğma divarlar arasında baş tutan nüfuzlu yarışın bürünc medalından onu, 0,94 saniyə ayırır.
 
Üçqat Avropa çempionu ilə bir kürsüdə
 
İki ildir ki, beynəlxalq arenaya Azərbaycan adından çıxan Məryəm, respublika çempionatlarında dəfələrlə ən yaxşı, mükafatçı olub. Ötən ilin iyunun ayında Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan turniri bürünc medalla başa vurmuşdusa, ötən həftə sözügedən ölkənin digər şəhəri Jilinada da nəticəsini təkrarladı. Ancaq bu dəfə o, öz yaş qrupu üzrə deyil, böyüklər arasında çıxış edirdi. Macarıstanlı üçqat Avropa çempionu Suzanna Yakabos və bir neçə müxtəlif titullara sahib idmançının da onunla birgə Jilina turnirində mübarizə apardığını nəzərə alsaq, Məryəmin bürünc medalının dəyəri az qala "qızıl"a bərabərdir. Üstəlik, yığmamızın baş məşqçisinin sözlərinə görə, qızımız ilin qış dövrü üçün gözləniləndən də bir xeyli yaxşı çıxış sərgiləyib.

Olimpiadaya doğru
 
Şəxsi rekordunu AGOF-da yeniləyən Məryəm, Tokio olimpiadasına yollanmaq iddiasını davam etdirir. "B" lisenziya normativini yerinə yetirmək üçün ona 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə indiki göstəricisini 1 saniyədən bir qədər çox yaxşılaşdırması lazımdır. Qarşıda isə 15 yaşlı Şeyxəlizadəxangahı yeniyetmə və böyüklər arasında qitə çempionatları gözləyir. Maksimum hazırlıqla bu vəzifənin də öhdəsindən gələcəyi, üzgüçülük camiəsində hər hansı bir şübhə doğurmur. Lakin komandamızın "B" lisenziyasına namizəd olan digər idmançılarından biri və ya daha çoxu normativi yerinə yetirə bilsə, bu halda əlavə göstəricilərə baxılacaq. Hərçənd, Əbdürəhmanov daha yaxşı variantın da mümkün olduğunu istisna etmədi: "Əldə normativlər olsa, biz beynəlxalq federasiyaya müraciət edəcəyik ki, bir deyil, iki idmançımıza olimpiadada iştirak hüququ verilsin. Dünyada baş verən bəzi prosesləri nəzərə alsaq, düşünürəm, müsbət cavab ala bilərik".
 
Yaşından böyük düşünən qız
 
Yer gəlmişkən, Əbdürəhmanovla söhbətimizin əsas hissəsini təqdim edirik: "İranda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş kiçik beynəlxalq turnir keçirilirdi. Anası mənə yaxınlaşıb, üzləşdikləri problemlər haqqında danışdı. Uşağa baxdım, boyu, digər göstəriciləri nəzərimi çəkdi. Bakıya gəlib-getdi, hiss elədim ki, bu, adi qız deyil, əla tapıntıdır. Xarakteri, psixologiyası tam ürəyimcədir. Təzə gələn vaxtlarda dili, ümumiyyətlə bilmirdi deyə, uşaqlarla, demək olar ünsiyyət qura bilmirdi. Həmin arada biz uzunmüddətli dağ məşqlərinə qatılırdıq. Özünü elə aparırdı, sanki hər şey qaydasındadır. Çətinliklərini qəti büruzə verməz. Ümumiyyətlə, yaşından böyük düşünən qızdır. Bütün bunlar və göz önündə olan fiziki-funksional göstəricilərindən əlavə, o, üzgüçülükdə tez-tez ehtiyac duyulan bərpa proseslərini də çox sürətlə keçir".

Alpinizm sevgisi və cərrahlıq arzusu
 
Hər bir yeniyetmə kimi onun da bənzəmək istədiyi bir şəxs var. Qızımız "Dəmir ledi" ləqəbli, macarıstanlı üçqat olimpiya çempionu Katinka Hossunu kumir seçib. Üzgüçülükdən başqa, dağa dırmanmaya həvəslidir. Boş vaxtlarında özünü bu ekstremal mühitdə də sınayır.

Dilimizdə danışmaqda indi də çətinlik çəkən qızımız, bir müddətdir ana dili dərslərinə gedir. Orta təhsilini faktiki olaraq Tehranda davam etdirsə də, Bakıda hazırlaşır. Gələcəklə bağlı arzusu həkim-cərrah olmaqdır. Üzgüçü-cərrah... Maraqlıdır. Başqa sözlə, universaldır qızımız.
 
Portret
 
Baş məşqçinin sözünə qüvvət, ilk baxışdan yaşından böyük təəssürat yaratsa da, o, hələ də bir yeniyetmədir. Bütün fərqliliklərə baxmayaraq, öz yaşını yaşamaq onun da haqqıdır. Böyük xəyallar qurur, qəlbinin dərinliyində onların hamısının reallaşacağına inanır. Olsun! Dünya üzgüçülük tarixinin ən yaxşısı Maykl Felps deyirdi: "İmkansız deyə, bir şey yoxdur. Yetər ki, işin içində ağıl və zəhmət olsun. Heç nəyə limit qoyma. Nə qədər çox xəyal qursan, o qədər uğurlu olacaqsan".


Etiketlər:  Arazın tayından pənah gətirən üzgüçü qız Portret FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ