Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2020 02:00
Bakı. Trend:
Koronavirus (COVİD-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədi ilə əksər dövlətlərdə ciddi preventiv tədbirlər həyata keçirilir. Müxtəlif ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması, sosial izolyasiya tədbirləri turizm, biznes və iqtisadiyyatın bir çox sahələrinə öz təsirini göstərməkdədir.
"PAŞA Holding" MMC-dən Trend-ə verilən məlumata görə, koronavirus zəminində yaranan fövqəladə vəziyyət ölkələrin biznes mühitinə təsir göstərsə də, hazırkı şəraitdə vətəndaşların sağlamlığı və təhlükəsizliyi prioritet olmalı və bütün səylər bu xəstəliyin aradan qaldırılmasına yönəlməlidir.
Fəaliyyətində öz əməkdaşları və müştərilərinin təhlükəsizliyi və rifahına əsas önəm verən "PAŞA Holding" MMC Korporativ Sosial Məsuliyyət öhdəliyindən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə qürurla dəstək göstərməkdədir. Belə ki, şirkətimizin tərəfindən Azərbaycanda koronavirusu aşkarlamaq üçün laboratoriyanın yaradılmasına 3 milyon avro maliyyə vəsaiti dəyərində töhfə verilmişdir.
COVİD-19 zəminində yarana biləcək iqtisadi ziyanları nəzərə alaraq "PAŞA Holding" eyni zamanda bir sıra məsələləri öz əsas hədəfi seçmişdir:
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna "PAŞA Holding" tərəfindən 2 milyon manat ianə veriləcəkdir;
- yaranmış vəziyyətdə öz işçilərinə dəstək olmaq məqsədi ilə "PAŞA Holding" və onun tərkibində olan bütün şirkətlərdə 2020-ci il ərzində heç bir iş yerinin ixtisarına yol verməmək və bununla bağlı bütün xərcləri qarşılamaq;
- biznesin davamlılığını dəstəkləmək, iş yerlərində ixtisarların qarşısını almaq və ya mümkün qədər azaltmaq məqsədi ilə ticarət mərkəzlərimizin kirayəçilərinə 2020-ci ilin mart və aprel aylarının kirayə haqqları üzrə endirimlər etmək.
Qeyd edək ki, hazırda aidiyyatı dövlət qurumları ilə birlikdə borcalanlara dəstək olmaq üçün təşəbbüslər üzərində araşdırmalar aparılır və bu istiqamətdə yaxın zamanlarda qərarlar veriləcəkdir.
Bildiririk ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyət tərəfimizdən mütəmadi izləniləcək və növbəti addımlarımız mövcud şəraitə uyğunlaşdırılacaq, dövlətimiz və ölkənin biznes mühitinə dəstək istiqamətində tədbirlərimiz bundan sonra da davam edəcəkdir.