Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2020 13:21
Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıblar. Bu tədbir hətta “HUAWEI” kimi nəhəng şirkətə də öz mənfi təsirini göstərib. Bir müddət davam edən tənəzzüldən sonra şirkətin rəhbəri Jen Çjenfey yaxşı xəbərlə çıxış edib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, ümumi karantin rejiminə baxmayaraq, fevralın 3-də Çin hökuməti “HUAWEI” şirkətinə əsas fəaliyyət istiqamətlərinə cavabdeh olan əməkdaşların bir hissəsini işə qaytarmağa icazə verib. Korporasiyanın direktorunun sözlərinə görə, o, gələn ay üçün müsbət proqnoz gözləmir.
Jen Çjenfey deyib ki, Çindən kənarda smartfonların satış həcmi azalır. Ancaq bu, daxili tələbatın artması ilə kompensasiya edilir. Çində bir ayda orta hesabla 22 milyon telefon satılıb ki, bu da ötən ilin göstəricisindən çoxdur.
Jen Çjenfey bu il tədqiqat və hazırlamalara əlavə 5,8 milyard dollar ayrılması haqqında məlumat verib. Beləliklə, bu istiqamətdə investisiyaların ümumi məbləği 20 milyard dolları ötüb və bu, şirkətə öz mövqeyini möhkəmləndirməyə və kənar texnologiyalardan asılılığı daha da azaltmağa imkan verəcək. Müqayisə üçün, 2019-cu ildə hazırlamalara təxminən 17 milyard dollar, 2018-ci ildə isə təxminən 14 milyard dollar ayrılmışdı. “HUAWEI”nin direktoru informasiya texnologiyaları sahəsində məhsullara yüksək tələbatı müsbət qiymətləndirib. Onun fikrincə, bu istiqamət inkişaf edəcək, çünki daha çox insan məsafədən iş rejiminə keçir.
Emil Hüseynov