Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 12:03
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylər göstərir.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirir:
"Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü nümunəvi səviyyədə olan həmrəyliyimizin növbəti bariz təzahürü oldu. Əlbəttə ki, Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsinin aparılması, lazım olan anda bir-birinə dəstək göstərilməsi və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsidir. Eyni zamanda, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir".
"Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atıb", - deyən Sədaqət Vəliyeva vurğulayıb ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizə sahəsində Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib:
"Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesinin mərhələli şəkildə dayandırılması, bütün kütləvi tədbirlərin təxirə salınması və ya ləğv edilməsi, xüsusi karantin rejiminin tətbiq edilməsi, ölkədə hərəkət məhdudiyyətinin tətbiq olunması və digər tədbirlər ÜST tərəfindən yüksək qiymətləndirilib".
Deputatın fikrincə, Azərbaycan pandemiyanın təsirlərinin azaldılması, az itkilərin olması istiqamətində Prezidentin təşəbbüsü ilə bir çox işlər görülüb ki, onların sırasında səhiyyə sistemində baş verən köklü dəyişikliklərdir:
"Heç kəsə sirr deyil ki, Azərbaycanda 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub, hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Hazırda isə koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Bu günlərdə 575 çarpayıdan ibarət olan, ölkəmizin ən müasir və "Yeni klinika" adlanan xəstəxanası da onların ixtiyarına verilib. Həmçinin, ölkəmizin 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana da koronavirus xəstələrinin ixtiyarına verilib. Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Testlərin aparılması üçün isə 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb. İndiyə kimi ölkə üzrə 70 minə yaxın test keçirilib. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır və bu səbəbdən də Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir. Eləcə də koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb".
Sədaqət Vəliyeva Azərbaycanda operativ şəkildə tibbi ləvazimatların istehsalının təşkil olunmasından da danışıb:
"Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilib. Bu səbəbdən də daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlayıb. Yaxın günlərdə həmin müəssisə tam gücü ilə işləyəcək və gündəlik 200-250 min maska istehsal etməklə daxili bazarı tam təmin edəcək. Bundan sonra isə yəqin ki, müəssisə istehsal etdiyi məhsulları ixrac etmək haqqında da düşünəcək".
"Görünən odur ki, Azərbaycanda COVİD-19 pandemiyası ilə mübarizə sistemli və düşünülmüş şəkildə aparılır" - deyən deputat əlavə edib ki, dövlət vətəndaşlarının təhlükəsizliyini təmin edir, onların sosial-iqtisadi itkilərini qarşılayır:
"Vətəndaşlardan isə tələb olunan odur ki, evdə qalsınlar və ölkəmiz, cəmiyyətimiz tezliklə bu görünməz düşməndən xilas olsun, bu prosesdən az itkilərlə qalib çıxsın".